“Nəfəsin qiyamət qoxuyur sənin” – gənc şair Təbriz Babayev yazır...

“Nəfəsin qiyamət qoxuyur sənin” – gənc şair Təbriz Babayev yazır...

Müasir Azərbaycan ədəbiyyatında gənc qələm sahiblərinin ortaya çıxması sevindirici haldır. Bu gənc istedadlardan biri də şeirləri ilə oxucuların diqqətini çəkən gənc şair Təbriz Babayevdir.

Onun yaradıcılığında həyatın müxtəlif çalarları, insan duyğuları, sevgi, vətənpərvərlik və mənəvi dəyərlər poetik dillə ifadə olunur. Təbriz Babayev şeirlərində sadə, lakin təsirli ifadə tərzi ilə oxucunun qəlbinə yol tapmağı bacarır.

Gənc şairin qələmindən süzülən misralar bəzən həyatın fəlsəfəsini düşündürür, bəzən də insanın daxili dünyasında baş verən hissləri səmimi şəkildə əks etdirir. Onun şeirlərində səmimiyyət və duyğu dərinliyi əsas yer tutur.

Kanal15.az olaraq gənc istedadların yaradıcılığına hər zaman dəstək göstərməyi özümüzə borc bilirik. Bu məqsədlə gənc şair Təbriz Babayevin bir neçə şeirini oxucularımıza təqdim edirik.

Ümid edirik ki, gənc şairin yaradıcılığı gələcəkdə daha geniş oxucu kütləsinin rəğbətini qazanacaq və Azərbaycan ədəbiyyatına öz töhfəsini verəcək.

Gənc şairin şeirlərini sizə təqdim edirik.

 

Bir parça sevginə duydum ehtiyac, 

Onu da burnumdan gətirdi dərdin.

İstədim qəlbinə yol tapım, keçim,

Qapıdan qonaq tək ötürdü dərdin.

 

Dəyişkən qadınsan fəsillər kimi

Gah bahar, gah payız, gah qış olursan.

Hərdən vücudumu xoşbəxt edirsən,

Hərdən İlahidən qarğış olursan.

 

Sən dünya deyilsən sirli qalasan,

Ölüncə axtarım, kəşf edim, bilim.

Cəhənnəm yoludur qara gözlərin,

Baxma! İstəmirəm o yerdə ölüm.

 

Sən yarım deyilsən, sən bir əcəlsən,

Gəlirsən üstümə əldə kəfənin.

Mənə yaxın durma artıq uzaqlaş,

Nəfəsin qiyamət qoxuyur sənin.

****

Danışdım

Yığdım dərtlərimi sinəm altına,

Verdim ixtiyarı dilə, danşdım.

Səni pisləmədim, lənətləmədim,

Əksinə, bənzətdim gülə, danışdım.

 

Günahkar qətldə ölən bəndədir, 

Qətl olan duyğular indi səndədir.

Hamı zənn edir ki, nöqsan məndədir,

Hər kəsə bu dərdi belə danışdım.

 

Gördüm anlamadı məni çox insan,

Düzü axtarmadım onlarda nöqsan.

Gördüm pəncərəmdə çırpınır leysan,

Səndən bir balaca selə danışdım.

 

Səndən danışmazdım, bu sirr ki, daşdır, 

Adın qəfil oldu, dilimdən qaçdı. 

Bulud yağış süzdü, külək dil açdı,

Yalvardı gecələr elə danışdım.

***

Məni görsən, gözəlim, sən əcəlin qoynunda,

Baxma məyus olub ardımca əlin qoynunda. 

 

Qəzəbin qoynuna girdi, elə təsvir elədim,

Payızın hirsi yatıbdır xəzəlin qoynunda. 

 

Bir gecə cənnətə mehman ola bilmək kimidir,

Uyumaq sən kimi məsum gözəlin qoynunda. 

 

Ən böyük hikməti sözdür bu cəhanın dedilər:

Səni hikmətlə yaşatdım qəzəlin qoynunda. 

 

Səbrini boynuna mirvari edib, eylə dözüm, 

Çıxasan ağ günə, Təbriz, əməlin qoynunda.