Arzu Əyyarqızı: “Şeir yazan çoxdur, şair isə çox azdır”
Saytımızın bu dəfəki qonağı Arzu Əyyarqızıdır. Arzu xanımla müsahibəni sizə təqdim edirəm.
– Arzu xanım, sizi poeziyaya gətirən ilk addım nə oldu? İlk şeirinizi nə vaxt yazdınız?
İlk dəfə üçüncü sinifdə oxuyanda müəllim bizə tapşırıq vermişdi ki, kəndimiz haqqında mətn yazaq. Adətən dərslərimdə mənə anam kömək edirdi. Amma həmin gün anam dərzi olduğu üçün tikiş maşını ilə işləyirdi və mən tapşırığı tək yazmalı oldum. Mətnimi yazdım və birdən-birə kəndimiz haqqında şeir misraları dilimə gəldi. Onları da dəftərimə yazdım. Sonra böyük sevinclə anama göstərdim ki, bax, şeir yazmışam. Beləliklə, ilk şeirim o vaxt yarandı.
– Şeirlərinizdə tez-tez tənhalıq mövzusu hiss olunur. Sizcə, insan niyə tənhadır?
Mənə elə gəlir ki, bu dünyanın fərqində olan hər kəs bir qədər tənhadır. Elə mən özüm də, bəlkə siz də. İnsanın ətrafı nə qədər geniş olsa da, nə qədər dost-tanışı olsa da, insan yenə də müəyyən mənada tək qalır.
– “Əl qumbarası” şeiriniz oxucuların diqqətini xüsusilə cəlb edir. Bu şeirin yaranma hekayəsi necədir?
“Əl qumbarası” şeirimin yaranması da digər şeirlərim kimi anidən oldu. İndiki zamanda diqqət etsəniz, çox insanın yasaq sevgi yaşadığını görərsiniz. Mən bu şeirlə onların nə qədər təhlükəli bir vəziyyətdə olduqlarını göstərmək istədim. Bəlkə də kimisə o “qumbaradan” xilas edə bilim deyə belə bir şeir yazdım.
– Yaradıcılığınızda sizə daha çox təsir edən şairlər kimlərdir?
Klassik şairləri daha çox oxuyuram. Ən çox təsirləndiyim şair isə həmyerlimiz olan şair Salam Sarvandır.
– Şeirlərinizdə həyat və ölüm fəlsəfəsi tez-tez görünür. Bunun xüsusi səbəbi varmı?
Namiq müəllim, siz yaradıcılığımı çox dəqiqliklə təhlil etmisiniz. Bəli, bu dünya həyat və ölümdən ibarətdir. Mən fəlsəfəni çox sevirəm. Bu mövzuların şeirlərimdə yer alması həm də həyatda ölümə qarşı apardığım daxili mübarizə ilə bağlıdır.
– Sizcə, bu gün qadınların qarşılaşdığı ən böyük problemlər hansılardır?
Qadınların ən böyük problemi anlaşılmamaqdır. Güvənsizlik və həddindən artıq çərçivələr içində saxlanılmaları da böyük problemdir. Təbii ki, mən əsl qadınlardan danışıram. Təəssüf ki, indi bəzi qadınlar da problemlərin bir hissəsinə çevriliblər.
– Təbiət mövzusu da şeirlərinizdə hiss olunur. Təbiət sizin üçün nə deməkdir?
Mən təbiəti çox sevirəm. Təbiətin qanunları ədalətlidir. Təbiət həyatdır, həkimdir, yaşamdır, sevgidir – bir sözlə, hər şeydir.
– Gələcək yaradıcılıq planlarınız nələrdir? Ədəbiyyatda hansı iz qoymaq istəyirsiniz?
Mən planlı insan deyiləm. Bilirsiniz niyə? Çünki bizim qurduğumuz planlar bəzən kainatın cədvəli ilə uzlaşmır. Buna görə də məqsədimə çatmaq üçün səy göstərirəm, amma hər şeyin başqa cür də ola biləcəyini qəbul edirəm. Mən ədəbiyyatı dəyişdirmək yox, ədəbiyyatda əbədiyyət qazanmağa çalışıram. Bu mənim arzumdur.
Sizin oxucularınıza isə gözəl mütaliə və can sağlığı arzulayıram. Yaxşının ən yaxşısını onlar daha yaxşı seçib oxuyurlar. Şeir yazan çoxdur, amma şair çox azdır. Ümid edirəm ki, o azların içində mən də varam. Namiq müəllim, sizə çox təşəkkür edirəm. Sizinlə söhbət etməkdən böyük zövq aldım.