"Zəmanə şikayətindən sevgi etirafına: Əlövsət Tahirlinin poetik dünyası"
Kanal15.az şair Əlövsət Tahirlinin yeni şeirlərini oxuculara təqdim edir.
YOLU TURAN YOLUDUR, KEÇƏCƏK ZƏNGƏZURDAN
Türkün sərhəddi yoxdur, dolaşır yer kürəsin,
Kimsə susdura bilməz, endirə bilməz səsin.
Yolu haqqın yoludur, yaxşı bilir qibləsin,
Keçərək Çin sədindən, dolanıb gəlsə hardan,
Yolu Turan yoludur, keçəcək Zəngəzurdan.
Tarixi silkələyib, çökdürüb diz yağını
Qoruyub bəbəyi tək, hər zaman torpağını.
Dünyaya bəlli edib, səsni, sorağını,
Üzü Anadoluya, qorxmaz çətindən, dardan,
Yolu Turan yoludur, keçəcək Zəngəzurdan.
Dünyanın ləngəridir, əlindədir ixtiyar,
Diliylə türkəm deyən, Türkmən, Qazax, Özbək var.
Qırğız, Altay, Azəri, hayqırır Uyğur, Tatar
Xəbər gətirib gəlir, fateh Topal Teymurdan,
Yolu Turan yoludur, keçəcək Zəngəzurdan.
Kəsə bilməz yolunu, olsa belə çən, duman,
Türkün coşanda qanı, verməz düşmənə aman.
Geri dönüş yox daha, veribdir qəti fərman,
Türkiyədən Ərdoğan, İlham Azərbaycandan,
Yolu Turan yoludur, keçəcək Zəngəzurdan.
ZAMANDIR
Yollar kələ-kötür, yollar daş-kəsək,
Tamı zəhər dadır indi nə yesək.
Bəlaya düşərik,sözü düz desək,
Hər sözü, söhbəti yalan zamandır.
Baxırsan nahaqdan qururlar toru,
Ədalət tanımır zalımın zoru.
Çalış başsızlardan başını qoru,
Bir verib beşini alan zamandır.
Kimdir hökm eləyən, bilinmir zatı,
Dönüb oyuncağa insan həyatı.
Vermə gəl əlindən sən ehtiyatı,
Atlını atından salan zamandır.
Fitrətdən uzagam qəzəblə, kinlə,
Dostamsa, sonadək dostam səninlə.
Eşid Əlövsəti, sözünü dinlə,
Dostun da ilantək çalan zamandır.
HEÇ BİLMİRİK KİMƏ DEYƏK BU DƏRDİ
Haqsız yeyir haqlıların payını,
Başa çəkib bəy qoydular ayını.
Gələn açır başımıza oyunu,
Toy da, yas da bizim üçün kədərdi,
Heç bilmirik kimə deyək bu dərdi.
Bu millətin sağalmayır azarı,
Gündən-günə bahalaşır bazarı.
Duyan yoxdur ha nalə çək, ha zarı,
Yaşamağı ölməyindən betərdi,
Heç bilmirik kimə deyək bu dərdi.
Zülm edirlər çolağına, çaşına,
Baxan yoxdur məzlumun göz yaşına.
Danışanın turp əkirlər başına,
Dörd yanımız fitnə, fəsaddı, şərdi,
Heç bilmirik kimə deyək bu dərdi.
Qamarlayıb məmurları hər yanı,
Nəfəs kəsir zalımların fərmanı.
Kara gəlmir nə iynəsi, dərmanı,
Yediyimiz, içdiyimiz zəhərdi,
Heç bilmirik kimə deyək bu dərdi.
Nə yolu var, nə işığı, nə qazı,
Yazmaq yetmir qandırmağa qanmazı.
Güc də çatmır çıxarmağa bu pazı,
Ay Əlövsət dözüb durmaq hünərdi,
Heç bilmirik kimə deyək bu dərdi.
UDAN SƏN OL, UDUZAN MƏN
Yuxumuzu xeyrə yozaq,
Dərdi qovaq bizdən uzaq.
Çıxaq, vuraq, bölək, yazaq,
Udan sən ol, uduzan mən.
Görəndən salmısan oda,
Baxışına canım fəda.
Öldür, göz yaşında yu da,
Udan sən ol, uduzan mən.
Qonaqdır hamı dünyada,
Gəl,əzizim bu sevdada,
Udan sən ol, uduzan mən.
Köksümdə qur eşqinə taxt,
Nə zaman gözləyir, nə vaxt.
Götür zər ataq baxtabaxt,
Udan sən, uduzan mən.