Elvin Polad - Qəzəllər

Elvin Polad  - Qəzəllər

"Klassik qəzəl janrının ruhunu müasir hisslərlə oxucuya çatdiran Elvin Polad, oxucunu dərin bir duyğu səyahətinə çıxarır. Bu misralarda saf sevginin vəslindən tutmuş, payızın gətirdiyi fərağa, itirilmiş ideal qadın obrazından, insanın daxili oyanışına qədər səmimi bir etiraf gizlənib. Sözün musiqisinə və rənglərinə bələnmək istəyənlər üçün Elvin Poladın ən təsirli qəzəllərini təqdim edirik."

****

 

Gözü gözmuncuğudur, zülfü üzərlik bu qızın,

Nə nigaranlığı olsun ki nəzərlik bu qızın?.

 

Aya tən çöhrəsi var :telli duvaq örtüləsi,

Beli var qırmızı bağ, incə kəmərlik bu qızın.

 

Özü qızlar bulağından su içib, bir gün ola

Gözü məndən su içə kaş ki ərlik bu qızın.

 

Yox arası sevilib-sevməkilə, gəl amma

Var arası mən ilə bircə çəpərlik bu qızın.

 

Sizi tale özü rast eyləyəcəksə bir gün,

Yoluna çıxma sən Elvin, bu səfərlik bu qızın.

 

***

 

Götür ol zülfünü ey gül, üzərindən qaşının,

Ürəyim getdi çatılmış təhərindən qaşının.

 

Gözüm əyarını ölçür, ey üzük gözlü gözəl

Ki, xəbərdar ola könlüm dəyərindən qaşının.

 

Bu böyük ruhu ki, göz-qaş ilə fəth eyləmisən,

Gülür o gözlərin hətta zəfərindən qaşının.

 

Kaş Monaliza yerində sən olardın, gözəlim,

Min əsər qaş yaradardım əsərindən qaşının.

 

"Gözüm üstündə qaşım var" demirəm mən sənə ki

Hünərim etməz iradə hünərindən qaşının.

 

Qaş düzəldərkən axı göz çıxarıbdır Elvin,

Gözü düşmüş qaşına əyri yerindən qaşının.

 

 

 

****

 

Bu payız  ayrılıq əstirdi bizə qəmlə, əzizim

Dağılan zülfünə bir bax, özünü cəmlə, əzizim.

 

Özün övlada tamarzı, gözünün yaşı əkizdir

Sarı yarpaqların üstündəki şəbnəmlə, əzizim.

 

Qucayıb boşluğu hər gün bələyirsən qolun üstə,

Sınayırmış   qara tale kimi gör kimlə, əzizim.

 

Sarı yarpaq alov almaz günəşin xatirəsindən

Bu payızda fələk üçün sən idin həmlə, əzizim.

 

Ürəyin yandığı yerdən gözünün yaşını qaynat

Nə zaman ağlına gəlsəm mən üçün dəmlə, əzizim.

 

Daha albomda şəkillər qocalan vaxtıdır ömrün,

Məni görsən tanımazsan ki bu görkəmlə, əzizim.

 

Yolu dönmüş fələyin çarəsi yoxdur, yolu yoxdur,

Lap əzəldən yola getmir fələk adəmlə, əzizim.

 

Mən də bir Adəməm ağuşu behiştindən atıldım

Ki, fərağım bir olub  cümlə bu aləmlə, əzizim.

 

Öpərəm mən yenə də ərşidə  xurmayı Saçından

Məni qorxutsa da min huri cəhənnəmlə, əzizim.

 

Səni Elvinlə cəzalandırır Allah, onu, sənlə,

Sanki bir atəşə pərvanə yanır şəmlə, əzizim.

 

 

****

 

Gözüm ardında qalıb getdi vüsalım səndə.

Baxmadın ardına getdin elə, zalım, sən də.

 

Sən xəyalımda mənim baxma ürəksiz birisən,

Qalır hər gün ürəyim səndə, xəyalım səndə.

 

Axı dağ üstə marallar dolaşar, bas qədəmin

Yeri könlümdəki dağ üstə maralım, sən də.

 

Dolanır boynuna yad qolları mirvari kimi,

Yaraşır boynuna qaldıqca babalım səndə.

 

Məni asdın o öpüb oxşadığım tellərdən

Özgüvən hissi yaratdıqca sığalım səndə.

 

Məni yox, əslinə qalsa özünü boğdun sən,

Öldü ruhumdakı qadın idealım səndə.

 

Birdə səndən Polada yar ola bilməz, bilirəm

Mərhəmət hissi yaratmırsa bu halım səndə.

 

****

 

Saatın zil səsi röyam ətəyin kəsdi yenə,

Yuxusun yarıda bihuş bəbəyin kəsdi yenə.

 

Dan yeri qan bulaşan əlləridir göy üzünün:

Günəşin sancısı birdən kələyin kəsdi yenə.

 

Başıaşağı tutulmuş yenə bir körpə səhər,

Yanını silləsi sərin küləyin kəsdi yenə.

 

Sübhün azan səsi "inqa" səsidir, ol səhəri

Ki, Günəş doğdu, üfüqlər göbəyin kəsdi yenə.

 

Bu məqamdan utanıb göydəki qütb ulduzu da

Çəkilib xəlvətə gözdən bəzəyin kəsdi yenə.

 

Dilim ağzımda kəsildi, kəsə-kəs düşdü qəfil,

Daşın ağlar günü səbrin kəsəyin kəsdi yenə.

 

Sən də, Elvin, o tək ulduzdan həya eylə barı,

Səni yumşaq yeri yumşaq döşəyin kəsdi yenə?!