Yalan xoşbəxtliklərdən ruhun həmdəminə-Arzu Əyyarqızı yazır...
Müasir Azərbaycan poeziyasında özünəməxsus dəst-xətti ilə seçilən Arzu Əyyarqızının təqdim olunan şeirləri insan ruhunun en incə, kövrək və dərin qatlarına pəncərə açır.
Müəllif bu misralarda gerçəkliyin ağırlığından xəyali xoşbəxtliyə sığınmağı, sevdiyinin izini kainatın hər zərrəsində axtaran həsrət dolu sevgini və müasir insanın ən böyük ehtiyacı olan manəvi həmdəm axtarışını böyük səmimiyyətlə qələmə alır. Hisslərin fəlsəfəsinə və sözün sehrinə bələnmək istəyən oxucular üçün Arzu Əyyarqızının ən təsirli şeirlərini təqdim edirik.
Bir az da yalan danışım...
Gəl bir az yalan danışım,
Gəl bir az aldadım səni.
İnandırım xoşbəxtliyə,
Ümiddən filan danişım
Sən də inan bilərəkdən,
Yalançının şahidi ol.
O səndəki sənə xatir,
Hisslərinin şəhidi ol
Qoyaq ağlı bir kənara,
Meyil salaq dəliliyə.
Qoy qəzamız olsun bu eşq,
Düçar olaq əlilliyə.
Arabamiz ömür olsun,
Sürək gedək yol uzunu.
Arzuları çəkim şişə,
Bir az artıq vur duzunu.
Gəl bir az yalan danışım,
Gəl bir az aldadım
səni.
***
Sənə oxşayır
Bax yenə bənzərin çıxdı qarşıma,
Haraya yön alsam səni görürəm.
Göylərin üzündə qara buludsan,
Yerləri göylərə qurban verirəm.
Bu dərdin oduna çilənib yağsan,
Göyərər ümidim,çiçəklər açar.
Düşsə dodağıma lap bircə damlan,
Gülüşüm ömrünə şəfəq,nur saçar.
Nə qədər bənzərin var imiş sənin,
Hələ bax dağlar da sənə oxşayır.
Durub əzəmətlə necə də möhkəm,
Dərd- qəmin telini sevib oxşayır.
Hələ bax...ay dəli, ağaclara bax,
Gör necə məst olub,gözlərin kimi.
Külək də qəlbini dəlir yarpağın,
Bağrımı dağlayan sözlərin kimi.
Nə bilim,bəlkə də sən elə mənsən,
Ruhumla bərabər aparıram mən.
Bənzədib hər yerdə,hər şeyə səni,
Ruhumu canımdan qoparıram mən.
****
Adam adam istəyir oturub dərdləşməyə,
İçindəki hər nə var ətəyinə tökməyə.
Adam adam istəyir
daşdığı yükünə kömək edib çəkməyə.
Adam adam istəyir cəsarətli bir adam,
Gəlib çəkdiyin yükü ala sənin əlindən,
Yuvarlada ömrün ən hündür zirvəsindən.
Sən də nəfəs alasan, lap dərindən... bir nəfəs...
Yorğunluğun ağrısı qalxa çiyinlərindən,
Oturub dincələsən bir ömrün ətəyində.
Danışasan səssizcə, o adam da dinləyə,
Bircə sual vermədən səni səssiz anlaya.
Adam adam istəyir çəkib səni apara,
Qurtara qaça-qaçdan , əsarətdən qurtara.
Xilas edə həyatdan, qayğılardan qopara,
Apara sakitliyə, çəkə sənin qayğını,
Dadasan yaşadıqca məhəbbəti, duyğunu.
Adam adam istəyir
adamı adam kimi adam bilə özünə,
Ola adam balası, adam bilə adamı.
Yollarına baş qoya, sən də onun dizinə.
Adam adam istəyir..