Təranə Musayeva: “Sonuncu kəpənək rəqsi” məni poeziyaya daha da yaxınlaşdırdı

Təranə Musayeva: “Sonuncu kəpənək rəqsi” məni poeziyaya daha da yaxınlaşdırdı

Şairə Arzu Əyyarqızının “Sonuncu kəpənək rəqsi” kitabı oxucular tərəfindən maraqla qarşılanmaqda davam edir. Kitabla bağlı fikirlərini bölüşən Təranə Musayeva müəllifin yaradıcılığını yüksək qiymətləndirib.

T.Musayeva qeyd edib ki, kitabı vərəqləyərkən ilk olaraq son səhifədə yer alan “Atam alan hər paltar...” misraları ilə başlayan şeiri oxuyub:

“Şeir məni kitabın ortalarına çəkdi və beləcə nərdivan-nərdivan irəlilədim. Nədən nərdivan? Çünki məni çəkdikcə çəkdi və gözləmədiyim halda məni yuxarılara – Şeirə yaxınlaşdırdı.”

Onun sözlərinə görə, Arzu Əyyarqızı sözlərin dili ilə pıçıldayan, oxucunu poeziyasının sehrinə sala bilən qələm sahibidir.

“Arzu yaradıcılığında vətənə sevgini, şəhidlərin xatirəsinə duyulan dərin hörməti və adi insan münasibətlərini ustalıqla işıqlandırır. Onun yaradıcılığında vətənpərvərlik hisslərinin coşqusu, sevginin gətirdiyi mənəvi istilik poetik bir ahəng tapır. Bu yaradıcılıq həm qürur, həm də həssaslıq ovqatını özündə birləşdirir”, – deyə T.Musayeva bildirib.

Müəllif həmçinin vurğulayıb ki, şairə təbiətin və insanın yaşadığı daxili iztirabların incəliklərini də böyük ustalıqla qələmə alır:

“Kədər və ayrılıq hissləri o qədər poetik verilir ki, oxucu sanki o iztirabları özü hiss edir. Şeirlərdə istifadə olunan bənzətmələr və metaforalar oxucunun təxəyyülünü hərəkətə gətirir, onu hisslər aləminə daxil edir. Hər bir misra rəsm əsəri kimidir və şairin daxili dünyasını ən aydın şəkildə əks etdirir.”

Təranə Musayeva sonda Arzu Əyyarqızına yaradıcılıq uğurları arzulayaraq onun zəngin poeziyasının daha geniş oxucu sevgisi qazanacağına əmin olduğunu bildirib.