Vaqif Osmanlıdan Arzu Əyyarqızının “Sonuncu kəpənək rəqsi” kitabına poetik baxış: Zərif duyğuların qanadında
Kanal15.az xəbər verir ki, tanınmış qələm adamı Vaqif Osmanlı gənc şair Arzu Əyyarqızının “Sonuncu kəpənək rəqsi” adlı şeir kitabı haqqında “Zərif kəpənək rəqsi kimi lirik duyğular” sərlövhəli ədəbi-publisistik yazı qələmə alıb. Müəllif yazısında şairənin poetik dünyasına, ata həsrətinə, insan sevgisinə, milli-mənəvi dəyərlərə və yaradıcılıq axtarışlarına nəzər salıb.
Cəlilabadın Şatırlının kənd həyatının qayğıları və problemləri içərisində qəlbinin poetik dünyası ilə baş-başa qalan, sözə və həyata sevgisi ilə öz yaradıcılıq yolunu qurmağa çalışan gənc şair Arzu Əyyarqızı oxuculara zərif duyğularla süslənmiş “Sonuncu kəpənək rəqsi” kitabını təqdim edir.
Vaqif Osmanlının qələmə aldığı yazıda Arzu Əyyarqızının poeziyasının səmimiliyi, fərdi üslubu, milli-mənəvi dəyərlərə bağlılığı və sözə münasibəti ön plana çəkilir. Müəllif gənc şairənin yaradıcılıq yolunun hələ başlanğıcında olduğunu vurğulamaqla yanaşı, onun gələcək uğurlarına inamını da ifadə edir.
“Söz adamının lirik duyğuları onun insanlığını, arzularını, istəklərini, məramını aydın göstərən ədəbi güzgüsüdür” düşüncəsindən çıxış edən Vaqif Osmanlı Arzu Əyyarqızının poetik dünyasını, şeirlərindəki duyğusal çalarları və insanlığa ünvanlanan mesajları təhlil edir.
Yazıda şairənin “Bir şeir ağlayım bir payız günü” misraları ilə başlayan şeirindən tutmuş ata həsrətini, mərhəməti, sevgini və insanın daxili aləmini ifadə edən poetik nümunələrinə qədər bir sıra əsərlərinə diqqət yetirilir.
Müəllifin fikrincə, Arzu Əyyarqızı sözün məsuliyyətini dərk edən, öz poetik yolunu axtaran və milli-mənəvi dəyərləri yaradıcılığında yaşatmağa çalışan qələm sahibidir. Onun “Ən müqəddəs pay kəlağay” kitabının adı da bu bağlılığın ifadəsi kimi təqdim olunur.
Vaqif Osmanlının ədəbi-publisistik yazısını təqdim edirik.
ZƏRİF KƏPƏNƏK RƏQSİ KİMİ LİRİK DUYĞULAR
Cəlilabadın Şatırlı oymağında tükənməz kənd qayğıları və problemlərinin ağuşunda qəlbinin poetik dünyası ilə pıçıldaşa-pıçıldaşa özünün söz mülkünü yaratmaq mücadiləsində bulunan həyat, söz eşqli bir gənc yaşayır – Arzu Əyyarqızı. O, “Kəpənək rəqsi” kimi zərif duyğularla süslənmiş incədən-incə bir şeir kitabını mənə ərmağan etdi.
Arzu xanımın lirik dünyası ilə 3-4 il əvvəl tanış olmuşam, şeirlərinin bizə çatdırmaq istədiyi mətləblərə, ismarışlara az-çox bələdəm.
Söz adamının lirik duyğuları onun insanlığını, arzularını, istəklərini, məramını aydın göstərən ədəbi güzgüsüdür. Arzu xanımın poetik “mən”i özü kimi səmimidir, özünəxas yolu var, dilimizi, ədəbiyyatımızı yaxşı bilir. Bu gün qələmə aldıqları 3-4 il əvvəlki şeirlərindən çox fərqlidir, uğurlu söz söyləməyə cəhd edir. Əlahəzrət sözün qədrini bilir, dəyərini anlayır. Ona görə də yaratdığı elə lirik lövhələr var ki, yadda qalır.
Önəmlisi odur ki, poeziyanın cəfalı yollarında özünəinamla irəliləyir, yorulmur, usanmır, bilir ki, yaradıcılığı hələ “bişməyib”, qabaqda söz imtahanları var, bundan üzüağ çıxmaq üçün daha ürəkdən sözə vurulmalıdır. Mənəviyyat adamıdır. Bir çox yaşıdlarından fərqli olaraq, xalqımızın milli-mənəvi dəyərlərinə sayğı ilə yanaşır, təbliğ edir. Unutmur ki, millilikdən uzaq olanlar nə vaxtsa sənin deyil, tarixin yaddaşından silinir, əbədi qalmır. Bunu onun kitablarından birinin adı sübut edir – “Ən müqəddəs pay kəlağay”.
Əldə etdiyim “Sonuncu kəpənək rəqsi” kitabı oxucunu zərif hisslərə bələyir. Arzu xanım “bir şeir ağlamaq” arzusundadır. Bu, uğurlu şeir, bənd, yaxud misra sevincindən kövrəlmək, duyğulanmaqdır. Burada bənzətmələr, metaforalar müəllifin ədəbi uğurlara doğru yolunun göstəricisidir.
Bir şeir ağlayım bir payız günü,
xəzəl göz yaşlarım tökülsün bir-bir.
Bir şeir ağlayım “ömür” adında,
tökülsün ruhumdan sətirbəsətir.
Həyatın, yeni fikir və sözün nahamar yollarında hələ çox mübarizə aparacaq Arzu Əyyarqızının şeirlərində fəlsəfi fikir yüklü misralar onun sabahkı uğurlarının müjdəçisidir. Bu günümüzün axınında üzüb nə gəldi yazmaq istəyənlərdən fərqli olaraq, o, axına qoşulmaq istəyi ilə şeir yazmır, bu yolun çətinliyini, məsuliyyətini bilir.
Arzu xanım “gecəni nar kimi açır, içindən dənə-dənə tökülən dərdləri” özününküləşdirir, ancaq “dərdin şərabı”ndan içdikcə ayılır, “gülüşü ümid eləyib insanların qəlbinə səpir”. Bu, insanlıq missiyasıdır, həm də yeni fikirlə sözsevərləri heyrətləndirməyə səy göstərməkdir. Heyrətləndirməyi bacarırmı, bacaracaqmı? Bunu zaman göstərər. Qəlbimdə ümid qığılcımları közərir, əminəm ki, bacaracaq.
Gənc şair (həmişə vurğulamışam ki, söz adamının cinsi olmur) özünü sadiq və diqqətli oxucusuna təqdim edir – “axtarın məndə məni, özümü itirmişəm”. Yəni müdrik Yunus Əmrənin təbirincə demək istəyir ki:
Məni məndə demə, məndə deyiləm,
Bir mən vardır məndə məndən içəri.
Bəs o “mən” kimdir, nədir? Ağıldır, əqidədir, inamdır, imandır, qürurdur, məqsəddir. Bunlar uğurlara gedən yolun cığırlarıdır, birləşəndə “mən” adlı yola çevrilir.
“Dəlisov qızının” “Atanın xatirəsinə” ünvanladığı bu kəpənək rəqsi kimi zərif topluda ata həsrəti dəlisov lirik “mən”in üzündən gülüşü qovsa da, o, ata yoxluğuna sinə gərir:
Mən ölsəm mənimlə ölərdin, ata,
Mən ölə bilmədim, məni bağışla.
Bilirdim ki, qızlar atalarına daha möhkəm bağlı olur. Amma Arzu xanım sözünü daha güvənli deyir:
Səni Tanrı bilirdim mən özümə,
Tanrı ölməz, inanmazdım öləsən.
Arzu xanım “vurub-bölüb, toplayıb çıxsa da, kökaltından bəzi sualları çıxara bilməsə də”, insanlığa “sevgi dərsi” vermək cəsarətindədir. Bilir ki, “üşümək biganəlikdən doğur”, ona görə də ürəklərə sevgi toxumu səpir, övladına da “yaşamağın yolunun sevməkdən keçdiyini” öyrədir.
Pəncərədən seyr edirəm
həyətdə üşüyən qarı;
Yağış üşüyüb qar olub,
qar üşüyüb buz olacaq,
gedim ovcuma alıb
öpüm, isidim barı...
Poetik mərhəmət, humanizm...
Şair xanım həyatın bərkində-boşunda özünü “kətana çəkilən qəmli şeir” kimi hiss etsə də, həyata inamı, bəşəri sevgisi onu bədbin notlardan ayırır, “Sevgi düsturu” “kəşf” edir, rəssamdan xahiş edir ki, “sətir altındakı gizli duyğularını, üzündəki təbəssümü” olduğu kimi çəksin, “ən incə sözünü çiçəyə bənzətsin”.
Pisliklərlə savaşıb, yol açıram sevincə,
dünya da gözəlləşir insanları sevincə.
İnsanlar “Biz” olanda dünya xilas olacaq. Kaş bu ismarışınız buzlaşmış, piylənmiş ürəkləri mərhəmət duyğusuna bələyəydi, Arzu xanım.
Sevginin riyazi düsturu olduq,
Sən üstə Mən gəldi, cəm Biz alındı.
Arzu xanımın “Bilmirsən” şeiri bir bütöv ömür dastanıdır. Bu şeirdə ömrün ayrı-ayrı mərhələlərinin təqdimi düşündürücüdür. Kövrək duyğular qəlbimi ehtizaza gətirdi. Belə ədəbi nümunələri oxuyanda bu şeir qızın sabahına inanmamaq olmur. Siz də o şeiri bütöv oxuyun:
Bilirsənmi necə sevmişəm səni?
Xısın-xısın nəfəs alıb sığındığım
ana qucağı kimi.
Bilirsənmi necə sevmişəm səni?
Hamıdan gizləyib qoruduğum,
gecələr qorxmayım deyə
basıb bağrıma sıxdığım oyuncağım kimi.
Bilirsənmi necə sevmişəm səni?
Hər kəsdən soyuyub üşüyəndə
qaçıb isindiyim ata ocağı kimi.
Bilirsənmi necə sevmişəm səni?
Canımdan can verdiyim,
nəvazişimə möhtac körpə uşağım kimi...
Bəli, dünya sevgidən yaranıb...
Bunu Arzu Əyyarqızı sübut edir...
Vaqif Osmanlı