Cəlilabadda şəhidlərə həsr olunmuş “Zirvə” antologiyasının təqdimatı keçirilib

Cəlilabadda şəhidlərə həsr olunmuş “Zirvə” antologiyasının təqdimatı keçirilib

Cəlilabadda şəhidlərə həsr olunmuş “Zirvə” antologiyasının təqdimatı keçirilib.

Tədbirdə şəhid ailələri, kitabın ərsəyə gəlməsində əməyi olan şair və yazıçılar, rayon ziyalıları, ictimaiyyət nümayəndələri, Bakıdan və Azərbaycanın müxtəlif rayonlarından gələn qonaqlar iştirak ediblər.

Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin şəhid ailələri və müharibə iştirakçıları şöbəsinin rəhbəri Fizuli  Cəfərov da iştirak edib.

Şəhidlərin həyat və döyüş yolunun, qəhrəmanlıqlarının ədəbiyyat vasitəsilə yaşadılması məqsədilə hazırlanan “Zirvə” antologiyasının ərsəyə gəlməsində şair Sevil Gül Nurun böyük əməyi olub.

Tədbirin təşkilatçıları isə Arzu ƏyyarqızıSevil Gül Nur olublar. Onların təşəbbüsü və təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində şəhidlərin əziz xatirəsi yad edilib, onların həyat və qəhrəmanlıqlarından bəhs edən əsərlər haqqında fikirlər səsləndirilib.

Təqdimat mərasimi həm də uzun aylar ərzində görülən zəhmətin mənəvi bəhrəsinin yaşandığı bir gün olub. Şəhid ailələrinin kitabın səhifələrini vərəqləyərkən keçirdikləri hisslər tədbirin ən təsirli anlarından birinə çevrilib.

Şəhid ata-anaları, bacı-qardaşları öz şəhidlərinin ətrini vərəqlədikləri səhifələrdən duyarkən kitab müəllifləri də bu duyğuları onlarla birlikdə yaşayıblar. Barmaqlar vərəqlərdə, gözlər sətirlərdə, dodaqlar sözlərdə gəzdikcə çöhrələrdə kədər, təbəssüm və qürur bir-birini əvəz edib.

Çünki həmin sətirlərə müəlliflər öz ruhlarını, nəfəs və duyğularını veriblər. Məqsəd canını, qanını Azərbaycanın azadlığı və xalqının başıuca yaşaması üçün fəda edən qəhrəmanları göz önündə canlandırmaq, onları hər kəsə tanıtmaq və əbədi yaşatmaqdır.

Nə qədər ki, Azərbaycan xalqı var, nə qədər ki, bu qəhrəmanları qələmə alan yazarlar var, şəhidlərimiz də əbədi yaşayacaqdır.

Tədbirin sonunda kitabın ərsəyə gəlməsində və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür bildirilib.

İlk növbədə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov cənablarına, kitabın ərsəyə gəlməsində böyük əməyi olan Sevil Gül Nura, tədbirin təşkilatçıları Arzu Əyyarqızı və Sevil Gül Nura, həmçinin layihədə iştirak edən 23 xanım həmkara, tədbirə dəstək olan, həmin gün müəlliflərin və şəhid ailələrinin yanında olan, tədbirin sonunadək iştirak edən və mənəvi dəstəyini əsirgəməyən hər kəsə minnətdarlıq ifadə olunub.

“Zirvə” antologiyası şəhidlərimizin həyatını, qəhrəmanlığını və əziz xatirəsini sözün yaddaşında əbədi yaşatmaq məqsədi daşıyır.