Seylan Abbas-Yeni şeirlər

Seylan Abbas-Yeni şeirlər

Qalib bülbül

Gül - çiçəyin qoynunda

Yaşayırdı bir bülbül,

Eşqinə ilham idi 

Bağda olan çiçək - gül.

Hər kəs heyran olurdu 

Onun gözəl səsinə,

Çiçəklərdə məst idi 

Ətirli nəfəsinə.

Bülbülün xoşbəxtliyi 

Çoxuna xoş gəlmirdi,

Paxıllıq qurda dönüb 

Qəlblərin gəmirirdi.

Bağçada iclas etdi

Bütün quşlara bayquş,

Söylədi baş aparır 

Bülbül adında bir quş.

Guya aşiq olubdur 

Əzəldən gül - çiçəyə,

Sübh- axşam nəğmə deyir

Tər süsən, tər ləçəyə.

Zağca dedi mən onun

Səsinə səs demərəm,

Səsin eşidən zaman 

Küsüb heç nə yemərəm.

Gərək onu bir müddət 

Dəmir qəfəsə salaq,

Kallaşmış cır səsindən 

Bəlkə amanda qalaq .

Qarğa isə çox kəskin 

Fərqli fikir söylədi,

Sağsağan ,sərçə onun 

Sözün təsdiq eylədi .

Qarğa dedi bu gündən 

Bülbül bizlə dost olsun ,

Yararsız gül - çiçəkdə

Ondan uzaqda qalsın.

Kənar etsin özündən 

Artıq dost - tanışları,

Mən uyğunda görmürəm

Bu bülbülə onları .

Qəzetində çalağan 

Bunları dərc eylədi,

Burda fikirlərini

Çox qərəzli söylədi.

Yazdı ki, bağ - bağçada 

Gül - çiçəklər kürünsün ,

Onların arxasıyca 

Bülbül getsin sürünsün .

Zəhmət çəkib bizim tək,

Oxumağı öyrənsin ,

Sonra cəsarət edib 

Asta danışıb dinsin .

İlbiz ,əqrəb ,soxulcan 

Qəzetə rəy yazdılar,

Bu rəylərlə bülbülə 

Dərin qəbir qazdılar .

Səhər gəlib bağçanı 

Onlar viran etdilər ,

Bülbülə tənə edib 

Deyə - gülə getdilər .

Bu zaman qonşu bağdan 

Gəldi turac ,bildirçin

Dedilər məyus olma 

Var burda güllər çin - çin .

Ərz etdilər zər qədrin ,

Bilirik, zərgər bilər 

Həssas qəlbli bülbülün 

Qəlbi sevgiylə gülər .

Nəğmə deyən aşiqsən 

Məkanın gül bağıdır ,

Bil sənə kəm baxanlar 

Gözəlliyə yağıdır.

Xoş sözdən vəcdə gələn,

Bülbül də cəh - cəh vurdu,

Təzə dost - tanışlarla 

Yeni bir dövran qurdu .