Zeynəb Aslan: Novruz Türk dünyasını birləşdirən ortaq mənəvi dəyərdir
Baharın ilk nəfəsi, torpağın oyanışı və insan qəlbində yenilənən ümidlər… Minilliklərin yaddaşını bu günə daşıyan Novruz yalnız bir bayram deyil, həm də ortaq köklərin, birlik və həmrəyliyin rəmzidir.
Ankara Hacı Bayram Vəli Universitetinin Ədəbiyyat fakültəsinin Müasir türk ləhcələri və ədəbiyyatları bölməsinin müəllimi Zeynəb Aslan Novruzun Türk dünyasının ortaq yaddaşında və mədəni həyatında tutduğu xüsusi yerdən bəhs edib.
Onun sözlərinə görə, Türkiyədə Novruz deyildikdə ilk yada düşən ənənələrdən biri tonqal qalamaq və onun üzərindən tullanmaqdır. Bu mərasim zamanı arzu tutulur, inanılır ki, od insanı mənfi enerjidən və nəzərdən təmizləyir. Bu ənənə türk mifologiyasında odun qoruyucu və saflaşdırıcı gücü ilə bağlıdır.
Zeynəb Aslan qeyd edib ki, bəzi bölgələrdə Ərgənəkon dastanını simvolizə edən dəmir döymə mərasimləri də keçirilir ki, bu da zəhmətin, gücün və yeni başlanğıcların rəmzi sayılır.
“Novruz axşamları insanlar açıq havada toplaşır, tonqal ətrafında mahnılar oxuyur, oyunlar oynayır və birlikdə vaxt keçirirlər. Bu baxımdan Novruz yalnız bayram deyil, həm də ictimai birlik və paylaşım günüdür”, - deyə o əlavə edib.
Zeynəb Aslan Novruzu Türk dünyasında insanları birləşdirən, barış, yenilənmə və bolluq rəmzi olan qədim və əhəmiyyətli bayram kimi dəyərləndirir: “Novruzu türk mədəniyyətinin qədim köklərini bu günə daşıyan, keçmişlə bu günü birləşdirən dəyər kimi çox sevirəm. Balkanlardan Türküstana, Sibir türklərinə qədər bütün Türk dünyasında bahar bayramının yaşadılması bu bayramın nə qədər dərin məna daşıdığını göstərir. Novruz eyni zamanda, qışın yorğunluğundan sonra təbiətin oyanışını və insanın daxilən yenilənməsini simvolizə edir”.
Zeynəb Aslan, həmçinin Türk dünyasında iştirak etdiyi Novruz tədbirləri arasında Qazaxıstandakı təcrübəsinin xüsusi yer tutduğunu vurğulayıb: “Bu ölkədə Novruz yalnız üç günlük rəsmi bayram deyil, demək olar ki, bir ay boyunca böyük coşqu ilə qeyd olunur. Əl-Fərabi adına Qazax Milli Universitetində qurulan tematik guşələr, açılan süfrələr, milli geyimlər və rəqs proqramları bayramın zənginliyini əks etdirir”.
Zeynəb Aslan qeyd edib ki, Novruz bayramı 12 Heyvanlı Türk təqviminə görə yeni ilin başlanğıcı hesab edilir. Bu baxımdan bayram yalnız mövsüm dəyişikliyi deyil, həm də ortaq tarixi yaddaşın, mədəni davamlılığın və türk kimliyinin güclü ifadəsidir.
“Novruzun əsas simvolları olan od, su, torpaq və təbiətin oyanışı Türk dünyasının qədim mifoloji və mənəvi düşüncəsini əks etdirir. Bu səbəbdən Novruz yalnız bayram deyil, həm də ortaq mədəni irsimizi yaşadan canlı bir dəyərdir”, - deyə o əlavə edib.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Anadolu da daxil olmaqla geniş bir coğrafiyada Novruzun fərqli formalarda, lakin oxşar məna ilə qeyd olunması türk xalqları arasında güclü mədəni birliyin göstəricisidir. Novruzu yaşatmaq isə yalnız keçmişi qorumaq deyil, gələcəyə ortaq mirası ötürmək deməkdir. Bu baxımdan, Novruz türk dünyasını birləşdirən ən mühüm ortaq dəyərlərdən biri kimi xüsusi əhəmiyyət daşıyır.(Azərtac)