Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz

Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz

Ukrayna Prezidenti Volodimir Zelenski ehtimal olunan ABŞ, Çin və Rusiya liderləri Donald Tramp, Si Cinpin və Vladimir Putin arasında gözlənilən görüşdə Yaxın Şərq və Ukrayna məsələlərinin müzakirə edilə biləcəyini bildirib.

Bu barədə o, jurnalistlərlə söhbətində danışıb.

Dövlət başçısının sözlərinə görə, bu görüşdə ən çox Rusiya maraqlıdır, çünki belə bir format Moskva üçün əhəmiyyətli diplomatik üstünlük yarada bilər:

“Çin, Rusiya və Amerikanın nələri müzakirə edə biləcəyi hazırda bəlli deyil. Şübhəsiz ki, Yaxın Şərq və Ukrayna haqqında danışacaqlar. Bunun təsir dairələrinin yenidən bölüşdürüldüyü “Yalta 2, 3, 4” formatında olmasını heç istəməzdim. Hətta deyərdim ki, söhbət təsir dairələrindən deyil, baxışlardan gedir - onları belə “bölüşdürmək” mümkündür”.

Zelenski qeyd edib ki, müasir dünya İkinci Dünya müharibəsindən əvvəlki və sonrakı dövrlərin dünyasından xeyli fərqlənir: “Bu, xüsusilə texnoloji dəyişikliklər və parçalanma ilə bağlıdır. Buna görə də, üç dövlət arasında təsir dairələrinin sadəcə yenidən bölüşdürülməsi mümkün deyil”.

Prezident vurğulayıb ki, belə bir görüşün keçirilməsində ən çox Rusiya maraqlıdır: “Bu format Alyaskadakı görüşdən sonra Moskva üçün ciddi diplomatik üstünlüyə çevrilə bilər”.

Ukrayna dövlət başçısı Çin üçün bu görüşün hansısa faydasını görmədiyini vurğulayıb və Pekinin belə bir formatda ən az maraqlı tərəf olduğunu ehtimal edir: “Mən Çin üçün heç bir fayda görmürəm, amma bu formatın Rusiya üçün sərfəli olduğunu dəqiq görürəm. Görək, necə olacaq”.

Zelenski əlavə edib ki, Kiyev Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə üçtərəfli görüşün Çində keçiriləcək görüşdən əvvəl baş tutmasını istəyir.