İnsan ruhunun pıçıltıları: Həsrət, duyğu və daxili aləmin şeir lövhələri-Nargilə Yusifqızı
Bu şeir toplusu humanitar hisslərin – təklik, itki, vəfasızlıq və daxili axtarışların incə lövhələrlə ifadə olunduğu duyğusal bir pıçıldaşmadır.
"Dərd ortağım dəniz" şeirində dəniz sadəcə təbiət mənzərəsi deyil, insanın heç kəsə deyə bilmədiyi dərdlərini sığındırdığı, dinləyən və mühakimə etməyən ən doğma sirrdaşı kimi təsvir olunur.
"Yalana bax, yalana..." misralarında unudulduğunu iddia edən tərəfə qarşı səmimi bir etiraz, sevgidən doğan inciklik və keçmişin dərin izləri dilə gətirir müəllif.
"Xəyalımla söhbət" şeirində daxili tərəddüdləri, uzaqda olan amma ruhən yaxın hissedilən müəmmalı bir varlıqla dialoqu əks etdirir; bu, inamsız dünyada cavabsız qalan sualların təcəssümüdür.
"Gözüm səni axtarır, Ana..." insan nə qədər böyüsə də, ana istisinə və "can bala" kəlməsinə ehtiyac duyduğunu, anasızlıqla çökmüş soyuq qaranlığın və bitməyən həsrətin kövrək mənzərəsini yaradıbdır. Yaxşı da alınıb.
"Suyun intiharı" isə dərin fəlsəfi metaforaya söykənir: çaynikdən fincana süzülən suyun çay kimi formalaşması oxucuya insanın həyatdakı fədakarlığını, özünü başqaları üçün məhv edərək yeni bir şəklə bürünməsini və taleyin soyuq rəngini xatırladır.
Ümumilikdə, bu toplaya daxil olan nümunələr oxucunu öz daxili dünyasına nəzər salmağa, itirdikləri və sığındıqları dəyərlər haqqında düşünməyə sövq edir.
Dərd ortağım dəniz
Dəniz kənarına gedirəm, haçan
Ürəyim darıxır, sığışmır evə
Onula oturub söhbətləşirəm
Məni də dinləyir o sevə-sevə.
Pıçıldayır mənə dalğalar sözün,
Səsləyir ruhumu uzaq üfüqlər.
Sərin sularında yuyuram gözüm,
Həmən dalğalanır mavi ləpələr
O, mənim dərdimi alır canına,
Mənə sükutundan bir dünya verir.
Sığınıb dənizin göy qucağına,
Ruhum bu sonsuzluq içrə əriyir.
Nə bir qınağı var, nə də bir sözü,
Mavi sularında gizlənir aləm.
Dəniz – təkliyimin ən doğma özü,
Mən onun qoynunda heç vaxt ölmərəm
Yalana bax, yalana...
Eşitdim qeybətimi edirsənmiş, əzizim,
Deyirsən unutmuşam, yalana bax, yalana...
Sən mənə yad olsaydın, sızlamazdı bu qəlbim,
Məni sənə bağlayan o ana bax, o ana...
Gözlərimdən oxunur hələ də köhnə izlər,
Dil danışan başqadı, ürəkdə başqa sözlər.
Görən hansı röyadı, hansı yalançı hisslər,
Səni saldı bu dilsiz, yamana bax, yamana...
Unutmaq elə asan, elə sadəmi sandın?
Özün öz yalanına necə uydun, inandın?
Bəlkə də gizli-gizli adımı çəkib yandın,
Qoydun qəlbi yamanca virana, bax, virana...
Qeybətimi etsən də, unuda bilməzsən sən,
Nə qədər qaçsan belə, bu sevgidən keçməzsən.
Yüz il keçsə mənimtək bir vəfalı seçməzsən
Heyf, doğru yolundan azana bax, azana...
Xəyalımla söhbət
Sənə necə güvənim, nə adın var, nə üzün,
Bir ovuc qaranlıqda itən pıçıltısan sən.
Bəlkə öz xəyalımdır mənə dikilən gözün,
Bəlkə mövcud olmayan bir adi duyğusan sən.
Sən mənim nəyimsən ki?..nə qanbağı, nə doğma,
Nə çətin anlarımda əlimdən tutan əlsən.
Təəccüb eyləyərəm röyalardan ayılıb
Hisslərin sorağıyla sən mənə sarı gəlsən.
Məsafələr uzaqdır, varlığın bir müəmma,
Həm bu qədər yaxınsan, həm ulduzlar qədərsən.
Mən sənə ruhumu da aça bilmərəm, amma
Bilirəm, sussam belə, sən dərdimi bilərsən.
Nə bir dost deyə bildim, nə sirrimə bir ortaq,5
Kölgəsi görünməyən bir qəribə xəyalsan.
Bu inamsız dünyada, bu qəlbi qırıq, qorxaq
İnsana cavab deyil, ən böyük bir sualsan...
Gözüm səni axtarır, Ana...
Yenə axşam düşdü, otağım soyuq,
Həsrətin qəlbimdə bir gizli yara.
Səndən sonra sanki təsəllim də yox,
Tək səni görürəm baxıram hara
Hər kəs öz dərdiylə məşğuldur yenə,
Kimsə soruşmayır "necəsən?" deyə.
O isti nəfəsin, o şirin sözün,
Çevrilib qəlbimdə sızlayan neyə
Yuxuma gəlirsən hərdən, ay ana,
Əllərin toxunur solğun üzümə.
Oyanmaq istəməm, qorxuram yenə,
Ağrılı həqiqət çöksün gözümə.
Sən mənim dünyamda günəş idin, nur,
İndi qaranlığa bürünüb hər yan.
Sənsiz bu həyatın mənası nədir?
Keçir gözlərimdən sənli hər bir an.
Hər çətin anımda, hər dar günümdə,
Gəzirəm "can bala" deyən səsini
Mən indi böyük bir insan olsam da,
Hələ də uşaqtək gəzirəm səni
Suyun intiharı
Alovun köksündə dözdü hər oda,
Dili yox, fəryadı buxarla çatdı,
Bezdi qaynamaqdan fani dünyada,
Çaynik lüləyindən özünü atdı...
Bir anlıq boşluqda süzüldü zaman,
Nə geriyə yol var, nə göyə pənah.
Fincanın dibində quruldu divan,
İntihar dediyin günahdır, günah...
Özünü yox etdi başqa bir adda,
İndi o bir fincan qəmdir, kədərdir.
İnsan da belədir fani həyatda,
Ölüb dirilməyi bir qurtum dərddir.
Şəkərin dadında itdi kimliyi,
Qovuşdu taleyin soyuq rənginə.
Suya intihar tək gələn bu nifrət,
Çevrildi kiminsə xoş həvəsinə...