Cənub-şərq bölgəsinin tarixinə həsr olunmuş yeni kitab nəşr edilib

Cənub-şərq bölgəsinin tarixinə həsr olunmuş yeni kitab nəşr edilib

Azərbaycanın Cənub-şərq bölgəsinin zəngin tarixi irsini əks etdirən yeni kitab işıq üzü görüb. Nəşrdə bölgənin qədim dövrlərdən başlayaraq ən yeni tarix mərhələsinə qədər olan müxtəlif dövrləri geniş şəkildə araşdırılıb.

Kitabda tarixi məqalələr, elmi tədqiqatlar və həmin dövrlərə aid fotoşəkillər yer alır. Bu materiallar oxuculara bölgənin keçmişi haqqında dolğun və əyani təsəvvür formalaşdırmağa imkan verir.

Müəllifin Kanal15.az-a verdiyi məlumata görə, nəşr yüksək səviyyəli elmi redaktədən keçərək “Elm və təhsil” nəşriyyatında çap olunub. Kitabın elmi redaktoru tarix elmləri doktoru, AMEA Arxeologiya və Antropologiya İnstitutunun dosenti, tanınmış arxeoloq Vəfa Mahmudovadır.

Qeyd edək ki, kitab görkəmli arxeoloq, tarix elmləri doktoru, AMEA Arxeologiya və Antropologiya İnstitutunun professoru, Cənub bölgəsinin fəxri vətəndaşı Tufan Axundovun əziz xatirəsinə ithaf olunub.

Yeni nəşrin tarixçilər, tədqiqatçılar və ümumilikdə regionun keçmişinə maraq göstərən oxucular üçün dəyərli mənbə olacağı gözlənilir.