Cəlilabadın qədim yaşayış məskənlərindən biri – Babalı kəndinin tarixi 2000 ildən artıq dövrə gedib çıxır
Cəlilabad rayonunun Babalı kəndi qədim tarixə malik yaşayış məskənlərindən biri hesab olunur. Tarixçi-araşdırmaçı Elşad Əmənov Kanal15.az saytına verdiyi müsahibəsində bildirib ki, kənd ərazisindən tapılmış maddi-mədəniyyət nümunələri burada yaşayışın ən azı 2000 il əvvələ aid olduğunu söyləməyə əsas verir.
Araşdırmaçı qeyd edir ki, Babalı toponimi türk tayfa tarixində mühüm yer tutan Babalı tayfasının adı ilə bağlı etnotoponimdir. Tarixi mənbələrdə Babalıların Əfşar tayfa birliyinin qollarından biri kimi qeyd edildiyi, həmçinin Azərbaycan, Türkiyə və İran ərazilərində “Babalı” adını daşıyan çoxsaylı yaşayış məskənlərinin mövcud olduğu göstərilir.
Elşad Əmənovun fikrincə, Babalı kəndinin tarixinin yalnız son əsrlərlə məhdudlaşdırılması doğru deyil. Tarixi qaynaqlar, müxtəlif bölgələrdə Babalı adlı yaşayış məskənlərinin mövcudluğu və kənd ərazisində aşkarlanmış arxeoloji tapıntılar bu tayfanın daha qədim dövrlərə gedib çıxan tarixi köklərə sahib olduğunu göstərir.
Araşdırmada o da vurğulanır ki, Babalı, Cəlair və Təklə kimi tayfaların tarixən bir-biri ilə bağlılığı olmuş, bu tayfalar müxtəlif dövrlərdə türk dövlətlərinin siyasi və hərbi həyatında iştirak etmişlər.
Hazırda Babalı kəndinin əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olur. Qədim tarixini bu günə qədər yaşadan kənd Cəlilabadın tarixi-mədəni irsinin mühüm hissələrindən biri kimi diqqət çəkir.