Cəlilabadın görkəmli şəxsiyyətləri , sözümüzün və tariximizin yaddaşı - Elşad Əmənovun yazısı
Hər bir bölgənin tarixi yalnız onun keçmişində baş verən hadisələrlə deyil, həm də yetirdiyi görkəmli şəxsiyyətlərlə yazılır. Bu insanlar öz zəhmətləri, istedadları, ictimai fəaliyyəti və mənəvi keyfiyyətləri ilə yaşadıqları dövrün salnaməsinə çevrilir, doğma yurdlarının adını daha geniş coğrafiyada tanıdırlar.
Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Cəlilabad da tarixən özünün tanınmış ziyalıları, söz və sənət adamları, elm xadimləri, qəhrəmanları və ictimai xadimləri ilə seçilib. Bu torpağın yetirdiyi şəxsiyyətlərin həyat yolunu öyrənmək, onların xidmətlərini araşdırmaq və gələcək nəsillərə çatdırmaq həm tarixi yaddaşımızın qorunması, həm də mənəvi borcumuzdur.
Bu məqsədlə Kanal15.az saytı olaraq “Cəlilabadın görkəmli şəxsiyyətləri” adlı yazı silsiləsinə başlayırıq. Silsilənin hər buraxılışında rayonumuzun tarixində, ədəbiyyatında, mədəniyyətində, elmində və ictimai həyatında iz qoymuş bir şəxsiyyətin həyat və fəaliyyətinə geniş nəzər salacağıq. Məqsədimiz yalnız tanınmış insanların bioqrafiyasını təqdim etmək deyil, onların gördüyü işləri, qazandıqları uğurları və cəmiyyətimiz üçün daşıdıqları əhəmiyyəti faktlar əsasında işıqlandırmaqdır.
İnanırıq ki, bu yazılar Cəlilabadın zəngin insan potensialının daha yaxından tanınmasına, unudulmaqda olan tarixi məqamların yenidən xatırlanmasına və rayonumuzun mənəvi irsinin gələcək nəsillərə ötürülməsinə xidmət edəcək.
Silsiləmizin ilk yazısını Cəlilabadın yetirdiyi, əsərləri ölkə hüdudlarından kənarda da tanınan yazıçı Meyxoş Abdullaha həsr edirik.
Çünki şəxsiyyətləri tanımaq tariximizi tanımaq, onların irsini yaşatmaq isə gələcəyimizə sahib çıxmaq deməkdir.
Eyni dövrdə yaşadığın, ictimaiyyətin yaxından tanıdığı şəxsiyyətlər haqqında yazmaq çətin və məsuliyyətli işdir. Qeyri-obyektiv şəkildə təriflər söyləmək, mübaliğəli ifadələr işlətmək həm yazanın özünə, həm də haqqında yazdığı şəxsiyyətə münasibətə mənfi təsir göstərə bilər.
Bu məqaləni hər hansı sifariş əsasında yazmamışam. Sadəcə, yazmağı özümə mənəvi borc bildim. Çünki Meyxoş müəllimin ədəbi yaradıcılığı təkcə Cəlilabadda deyil, Azərbaycanın hüdudlarından kənarda da tanınır, rəğbətlə qarşılanır və dəyərləndirilir.
Meyxoş müəllimin ədəbi yaradıcılığını onun ədəb-ərkanlı xarakteri, həyat tərzi, ictimai mövqeyi, milli-mənəvi keyfiyyətləri tamamlayır. Bütün bu xüsusiyyətlər onun söz və sənət sahibi kimi cəmiyyətdə tutduğu yeri müəyyənləşdirən mühüm amillərdir.
Sadəliyi, təvazökarlığı, etik davranış qaydalarına riayət etməsi, həmsöhbətlərini diqqətlə dinləmək mədəniyyəti Meyxoş müəllimin mənəvi keyfiyyətlərini səciyyələndirən cəhətlərdəndir.
Kimliyindən və sosial mənsubiyyətindən asılı olmayaraq, fədakar insanlar, bədii ədəbiyyatda öz sözünü deməyi bacaran qələm sahibləri, fərdi keyfiyyətləri ilə seçilən və başqalarına nümunə olan şəxsiyyətlər bəzən yaşadıqları dövrdə öz həqiqi mənəvi, ədəbi və tarixi dəyərlərini tam şəkildə ala bilmirlər.
Bunu yalnız cəmiyyətin və yaşadıqları mühitin günahı kimi qiymətləndirmək düzgün olmazdı. Burada zamanın, əsrin və tarixi dövrün də mühüm rolu var. Çünki zamanın dəyər meyarları müqayisə və təhlillə formalaşır. Zaman şəxsiyyətlər haqqında söylənmiş fikirlərə öz möhürünü vurur!
Yazılarımızın obyektivliyi, əslində, gələcək nəsillər üçün zəmanəmizin yaddaş qeydləridir. Bu baxımdan, məqaləm yalnız Meyxoş müəllimin şəxsiyyətinə və yaradıcılığına həsr olunmayıb. O, həm də XXI əsrin birinci rübündə Cəlilabadın ədəbi-bədii mühitində əldə olunan nailiyyətlərə nəzər salmaq, Cəlilabad söz sənətinin dünya ədəbi məkanındakı yerini və mövqeyini dəyərləndirmək məqsədi daşıyır.
Gəlin bu fikirlərə aydınlıq gətirmək üçün Meyxoş müəllimin ədəbi yaradıcılığına qısaca nəzər salaq.
Abdullayev Meyxoş Kamil oğlu — ədəbi ictimaiyyətə Meyxoş Abdullah imzası ilə tanınan yazıçı — 2 fevral 1962-ci ildə Azərbaycan Respublikasının Cəlilabad rayonunun Xəlilabad kəndində anadan olub. Ailəlidir, dörd övladı var. Hazırda Cəlilabad şəhərində yaşayır.
İxtisasca iqtisadçı olan Meyxoş Abdullah 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, 2018-ci ildə Prezident mükafatına layiq görülüb.
Yazıçı 1980-ci illərdən etibarən dövri mətbuatda çıxış edir. Onun qələmindən çıxan əsərlər müxtəlif mövzuları əhatə edir və oxuculara təqdim olunur. Meyxoş Abdullahın müəllifi olduğu kitablar arasında “Doktor Qəzənfər”, “Didərgin ruhlar”, “Alagöz”, “Şeytan gülüşü”, “Anakonda ovu”, “Əsir qadın”, “Qapısı gecə döyülən qadın” və “Saçlarından asılan qız” kimi əsərlər var.
Yazıçının yaradıcılığında xüsusi yer tutan “Əsir qadın” romanı oxucuların diqqətini cəlb edən əsərlərindəndir. Roman müxtəlif illərdə dörd dəfə, ümumilikdə 4500 nüsxə ilə yenidən nəşr olunub.
Əsər 2020-ci ildə rus dilində “Пленница” adı ilə də işıq üzü görüb. Romanın Brayl əlifbası ilə nəşri də həyata keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Brayl İnformasiya Resursları Mərkəzində çap olunan bu nəşr əsərin görmə məhdudiyyətli oxucular üçün də əlçatan olmasına imkan yaradıb.
“Əsir qadın” əsəri səhnə həyatı da yaşayıb. Qusar Dövlət Dram Teatrında əsər əsasında hazırlanmış tamaşa üç dəfə nümayiş etdirilib. Romanın rus dilinə tərcüməsini yazıçı-tərcüməçi Təranə Məmməd həyata keçirib. Əsər, həmçinin Ləzgi Dövlət Teatrında rejissor Laləzər Hüseynovanın quruluşunda iki dəfə səhnələşdirilib. Romanın yeddi hissədən ibarət səsli versiyası da internet resurslarında yerləşdirilib.
Meyxoş Abdullahın yaradıcılığında mühüm yer tutan əsərlərdən biri də “Alagöz”dür. Bu əsər 2002-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosu tərəfindən milli-mənəvi yaddaşa qayıdışı təşviq edən və Qarabağ mövzusunda yazılmış ən yaxşı bədii əsərlər üçün təsis olunan “Yaddaş” mükafatına layiq görülüb.
“Alagöz” əsəri əsasında hazırlanmış eyniadlı ssenari Berlin kino festivalına təqdim olunub və diplomla təltif edilib. Bundan başqa, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2021-ci ilin mart ayında keçirdiyi ssenari müsabiqəsində “Alagöz” ssenarisi 48 ssenari arasında birinci yeri tutub.
Bu uğurlar yazıçının yaradıcılığının yalnız kitab səhifələrində qalmadığını, teatr və kino sahələrində də diqqət çəkdiyini göstərir.
Meyxoş Abdullahın əsərlərinin müxtəlif dillərə tərcümə olunması onun yaradıcılığının beynəlxalq miqyasda tanınmasının mühüm göstəricilərindəndir.
Yazıçının əsərləri türk, rus, ingilis, italyan, ukrayna, ərəb, fars, türkmən, qırğız, özbək, moldovan və polyak dillərinə tərcümə edilərək müxtəlif ölkələrin oxucularına təqdim olunub. Kitabları Misir, İran, Türkiyə, Türkmənistan və Polşada nəşr edilib.
Misir Ərəb Respublikasında yazıçının “Altıncı mərtəbə” adlı hekayələr kitabı ərəb dilində işıq üzü görüb. Əsərləri ərəb dilinə misirli yazıçı və tərcüməçi doktor Əşrəf Əbül-Yəzid tərəfindən çevrilib. Kitab onun maddi dəstəyi ilə nəşr olunub.
İranda yazıçı-jurnalist Səhra Razinin maddi və mənəvi dəstəyi ilə Meyxoş Abdullahın “Alagöz” hekayələr kitabı və “Dəlixanadan gələn sevgi məktubları” romanı fars dilinə tərcümə edilərək nəşr olunub.
Türkmənistanda yazıçı-tərcüməçi Orazmurad Muradovun tərcüməsində “Alagöz” adlı hekayələr kitabı çap olunub. Kitaba 12 hekayə daxil edilib.
Polşada Polşa Tatarları İcmasının rəhbəri, yazıçı Musa Çaxarxan Meyxoş Abdullahın onadək hekayəsini tatar dilinə tərcümə edərək nəşr etdirib. Qırğızıstanda isə Musakun Satıbaldiyevin tərcüməsində yazıçının bir neçə hekayəsi nüfuzlu qəzet və jurnallarda dərc olunub.
İtaliyalı yazıçı-jurnalist Fransa Colozzonun tərcüməsində Meyxoş Abdullahın “Daş karxanası” hekayəsi İtaliyanın nüfuzlu jurnallarından birində dərc edilib. Yazıçının onlarla hekayəsi “Mir literaturı” qəzetində də işıq üzü görüb.
Bu nəşrlər və tərcümələr Cəlilabadda formalaşan ədəbi fikrin müxtəlif ölkələrdə oxucularla görüşməsinə şərait yaradıb. Eyni zamanda, Azərbaycan yazıçısının yaradıcılığının müxtəlif dillərdə təqdim olunması milli ədəbiyyatımızın beynəlxalq mədəni əlaqələrinə töhfə verir.
Meyxoş Abdullahın fəaliyyəti yalnız öz əsərlərinin müxtəlif dillərə tərcümə olunması ilə məhdudlaşmır. O, başqa xalqların ədəbiyyatına da maraq göstərir və tərcüməçilik fəaliyyəti ilə məşğul olur.
Moldovalı şair Lyudmila Dubçovskinin “Sülh dünyanı dolaşır” şeirini moldovan dilindən tərcümə etməsi də bu baxımdan diqqətəlayiqdir. Təqdim olunan məlumata görə, həmin şeirə görə Meyxoş Abdullahın adı dünyanın 154 ölkəsindən şair və yazıçıların yer aldığı siyahıda qeyd olunub və o, “Sülh” mükafatına layiq görülüb.
Bu fakt ədəbiyyatın xalqlar arasında qarşılıqlı anlaşma və mənəvi yaxınlıq yaratmaq gücünü bir daha xatırladır. Ədəbi tərcümə yalnız sözlərin bir dildən digərinə çevrilməsi deyil, həm də fərqli mədəniyyətlərin bir-birini tanımasına xidmət edən mühüm vasitədir.
Meyxoş Abdullahın həyat və yaradıcılığına nəzər salarkən bir məqamı xüsusi vurğulamaq istərdim: bölgələrimizin ədəbi potensialı ayrı-ayrı yazıçıların şəxsi uğurlarından daha geniş məna daşıyır. Bu potensial yerli ədəbi mühitin inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında, ana dilimizin və bədii düşüncəmizin yaşadılmasında özünü göstərir.
Cəlilabadın ədəbi mühitində yetişən, əsərləri ölkə hüdudlarından kənarda nəşr olunan və müxtəlif dillərə tərcümə edilən qələm sahibləri rayonun mədəni həyatının tanıdılmasına öz töhfələrini verirlər. Meyxoş Abdullahın yaradıcılıq yolu da bu baxımdan diqqətəlayiq nümunələrdən biridir.
Tarixçi-araşdırmaçı kimi düşünürəm ki, yaşadığımız dövrün yaradıcı insanları haqqında obyektiv məlumatların toplanması, onların fəaliyyətinin sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılması vacibdir. Çünki bu gün qeydə aldığımız faktlar sabahın ədəbi və tarixi araşdırmaları üçün mənbəyə çevrilə bilər.
Zaman hər bir şəxsiyyətin fəaliyyətinə öz qiymətini verir. Lakin həmin qiymətin obyektiv müəyyənləşdirilməsi üçün faktlara əsaslanan araşdırmaların, səmimi müşahidələrin və yaddaş qeydlərinin də əhəmiyyəti böyükdür.
Meyxoş Abdullahın yaradıcılığına həsr etdiyim bu yazı ilə məqsədim onun ədəbi fəaliyyətini təqdim etməklə yanaşı, Cəlilabadın söz sənətinə verdiyi töhfələri də diqqətə çatdırmaqdır.
Bizi dünyaya tanıdan söz sənətimizin yaşaması, inkişaf etməsi və yeni nəsillərə çatdırılması naminə Meyxoş müəllimə yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
Müəllif: Elşad Əmənov, tarixçi-araşdırmaçı