Cəlilabadda qalmaqallı oyun: Babalı komandası hakim haqsızlığından şikayətçidir

Cəlilabadda qalmaqallı oyun: Babalı komandası hakim haqsızlığından şikayətçidir

Cəlilabad rayonunda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad şöbəsinin təşkilatçılığı ilə keçirilən kəndlərarası futbol çempionatında qalmaqallı hadisə baş verib.

Kanal15.az xəbər verir ki, yarımfinal uğrunda mübarizə çərçivəsində Babalı və Gülməmmədli kənd komandaları üz-üzə gəlib. Gərgin keçən qarşılaşma əsas vaxtda 0:0 hesabı ilə yekunlaşıb və qalib penalti zərbələri ilə müəyyənləşdirilməli olub.

Penaltilər seriyasında hesab 4:4 olarkən Babalı komandası 5-ci zərbəni yerinə yetirib, lakin qapıya yol tapa bilməyib. Qaydalara əsasən növbəti zərbəni Gülməmmədli komandası vurmalı olduğu halda, iddialara görə oyun bu anda nəzarətdən çıxıb. Belə ki, Gülməmmədli komandası zərbəni yerinə yetirmədən özünü qalib elan edib.

Məlumata görə, yaranmış gərginlik fonunda Babalı komandası təzyiq altında meydandan uzaqlaşdırılıb. Komanda üzvləri bu hadisəni hakim haqsızlığı kimi qiymətləndirir.

Babalı komandasının üzvləri bildiriblər ki, onların oyundan qanunsuz kənarlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, həmçinin Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və digər aidiyyəti qurumlara rəsmi şəkildə şikayət edəcəklər.

Məsələ ilə bağlı qarşı tərəfin və təşkilatçı qurumların mövqeyi hələlik açıqlanmayıb. Hadisənin araşdırılması gözlənilir.