Cəlilabadda Arzu Əyyarqızının “Sonuncu kəpənək rəqsi” kitabının təqdimatı keçirilib
Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində gənc və istedadlı şair-publisist Arzu Əyyarqızının “Sonuncu kəpənək rəqsi” adlı sayca 4-cü şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Kanal15.az xəbər verir ki, tədbir Adıgözəl müəllim Nuriyev və Müşahidə xanım Nərimanovanın aparıcılığı ilə baş tutub. Müəllifin atasının əziz xatirəsinə həsr etdiyi kitab ədəbi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, kitabın redaktoru və ön söz müəllifi tanınmış şair və yazıçı Şəhriyar Del Geranidir.
Mərasimdə yazıçı və şairlər, rayon ziyalıları, eləcə də bir qrup orta məktəb şagirdləri iştirak ediblər. Çıxış edənlər Arzu Əyyarqızı poeziyasının milli ruhundan, saf sevgi motivlərindən və fəlsəfi dərinliyindən geniş bəhs edərək, müəllifin bir sıra şeirlərini səsləndiriblər.
Sonda müəllifə yeni kitabının işıq üzü görməsi münasibətilə təbriklər ünvanlanıb, ona gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulanıb.