Yumurtanın üzərində bunu görsəniz, almayın
Yumurta alarkən yalnız qablaşdırmanın təmiz və salamat görünməsinə diqqət yetirmək kifayət deyil. Mütəxəssislər istehlakçıları yumurta qutusunda bəzi əlamətlərə xüsusi diqqət yetirməyə çağırır.
Yumurta qutusunda nəmlik, sızıntı və yapışqan izlərinin olması məhsulun zədələnmiş ola biləcəyindən xəbər verir.
Mütəxəssislərin fikrincə, qutudakı yumurtalardan birinin kartona yapışması da diqqətdən kənarda qalmamalıdır. İlk baxışdan sağlam görünən yumurtanın qabığında gözlə görünməyən xırda çatlar yarana bilər. Bu zaman yumurtanın içərisindəki maye sızaraq kartona yapışır.
Qutunun dibində və ya ətrafında görünən yaşlıq və nəmlik də diqqət tələb edən əlamətlərdəndir. Belə izlər qırılmış və ya çatlamış yumurtanın olduğunu göstərir. Qabığın qoruyucu təbəqəsi zədələndikdə isə salmonella başda olmaqla müxtəlif bakteriyaların yumurtanın daxilinə keçmə riski artır.
Bundan başqa, zədələnmiş yumurtadan sızan maye alış-veriş zamanı digər məhsullara, evdə isə soyuducudakı qidalara toxunaraq bakteriyaların yayılmasına səbəb olur.
Bu səbəbdən yumurta alarkən qutunu açaraq məhsulları diqqətlə yoxlamaq, yumurtaların yuvalarında sərbəst hərəkət edib-etmədiyinə baxmaq, qablaşdırmada nəmlik və sızıntı izlərinin olub-olmadığını, həmçinin son istifadə tarixini yoxlamaq tövsiyə olunur.