“Traktor” klubundan Azərbaycanın məktəbli forma qaydasını pisləyən Türkiyəyə cavab

“Traktor” klubundan Azərbaycanın məktəbli forma qaydasını pisləyən Türkiyəyə cavab

İranın “Traktor” futbol klubu ilə əlaqəli “TRACTOR F.C.” sosial şəbəkə səhifəsində Türkiyədə baş örtüyü və Azərbaycandakı məktəb geyimi qaydaları ətrafında aparılan müzakirələrə münasibət bildirilib. Paylaşımda İranda yaşayan türklərin ana dilində təhsil hüququ məsələsi ön plana çəkilib.

Paylaşımda Türkiyədə bəzi dairələrin Azərbaycandakı məktəblərdə vahid geyim qaydalarına etiraz etməsi ilə İranda türklərin dil hüquqları məsələsinə münasibət arasında müqayisə aparılıb.

“Müsəlman ölkəsində baş örtüyünə qadağa ola bilməz, amma türk düşmənçiliyi ola bilər?” – deyə paylaşımda sual ünvanlanıb.

Mətndə iddia olunur ki, İranda milyonlarla türk yaşamasına baxmayaraq, onların ana dilində təhsil almaq imkanları məhduddur. Paylaşım müəllifləri məktəblərdə türk dilində təhsil, türkcə adlardan istifadə və ictimai məkanlarda ana dilinin tətbiqi ilə bağlı problemlərin mövcud olduğunu bildiriblər.

Həmçinin paylaşımda qeyd olunub ki, İranda türklərin dil hüquqları məsələsi uzun illərdir həllini gözləyir və hətta yüksək vəzifəli şəxslərin öz ana dillərində danışması ilə bağlı da çətinliklər yaşanır.

Mövzu regionda milli kimlik, ana dili və təhsil hüquqları ətrafında müzakirələri yenidən gündəmə gətirir. Paylaşımda səsləndirilən iddialar isə müstəqil mənbələr əsasında ayrıca yoxlanılmalıdır.

Kanal15.az