“Qubadlıda inşa edilən bu SES Şərqi Zəngəzurun enerji təchizatına töhfə verəcək”

“Qubadlıda inşa edilən bu SES Şərqi Zəngəzurun enerji təchizatına töhfə verəcək”

Xəbər verdiyimiz kimi, Qubadlı rayonunda Bərgüşad çayı üzərində 5,3 meqavat gücündə “Eyvazlı” Su Elektrik Stansiyası (SES) tikilir. Qeyd edək ki, bu, Qubadlıda inşa ediləcək ilk SESdir.

Maraqlıdır, Qubadlıda inşa edilən bu SES bölgənin enerji təminatı ilə yanaşı, iqtisadiyyatına nə vəd edir?

Millət vəkili, iqtisadçı alim Vüqar Bayramov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“İşğaldan azad edilən ərazilərimizin bərpası və yenidənqurması, məslkunlaşma prosesi intensiv davam etdirilir. Eyni zamanda, həmin ərazilərimizin kommunal xidmətlər və enerji ilə təminatı əsas hədəflərdəndir. Qubadlıda ilk SES-in istifadəyə verilməsi də praktiki olaraq yalnız bu rayonun deyil, daha geniş coğrafiyada Şərqi Zəngəzurun enrji təchizatına töhfə verəcək.

Əsas məsələlərdən biri Qarabağ və Şərqi Zəngəzurda istehsal edilən enerjinin ixracatının həyata keçirilməsidir. Nəzərə alsaq ki, Zəngəzur dəhlizi vasitəsilə həm də elektrik enerjisinin ixracının həyata keçirilməsi gözlənilir. Bu isə ondan xəbər verir ki, Qubadlı daxil olmaqla Şərqi Zəngəzurda istehsal edilən enerji yalnız daxili tələbin ödənilməsi üçün deyil, həm də ixracın genişləndiriləsi üçün istifadə ediləcək.  Bu isə ölkəmizə daha çox valyutanın daxil olmasına imkan verəcək”.