"Putini neft emalı zavodlarına zərbələr deyil, ordusunu maliyyələşdirmə üsulu devrə bilər" - "Fortune"
Müharibənin maliyyələşdirilməsi Rusiyanın iqtisadi sistemini getdikcə daha çox zəiflədir
Vladimir Putinin qurduğu maliyyə sistemi məhz müharibənin maliyyələşdirilməsi səbəbindən ciddi təzyiq altındadır.
"Kanal15" xəbər verir ki, bu barədə "Fortune" jurnalı Rusiya Mərkəzi Bankının keçmiş müşaviri Aleksandra Prokopenkonun "Financial Times"da dərc olunan məqaləsinə istinadən yazıb.
Məqalədə bildirilir ki, Kreml artıq büdcə intizamından faktiki olaraq imtina edib. Rusiya parlamenti Maliyyə Nazirliyinə təsdiqlənmiş limitləri aşaraq əlavə xərclər etməyə və dövlət borcunu artırmağa icazə verib. Nəticədə, ilin ilk beş ayında büdcə kəsiri təxminən 83 milyard dollara çataraq ötən ilin göstəricisini iki dəfə üstələyib, Milli Rifah Fondunun ehtiyatları isə sürətlə azalır.
Prokopenkonun fikrincə, Kreml artıq eyni vaxtda həm müharibəni maliyyələşdirmək, həm inflyasiyanı nəzarətdə saxlamaq, həm də iqtisadi artımı təmin etmək iqtidarında deyil. O bildirib ki, müharibənin xərcləri getdikcə daha çox əhalinin üzərinə düşür.
"Fortune" yazır ki, Ukraynanın pilotsuz aparatlarla həyata keçirdiyi hücumlar və cəbhədəki uğurları da Rusiyaya əlavə təzyiq yaradır. Məqalədə qeyd olunur ki, ölkədə yüksək inflyasiya, bahalı kreditlər və yanacaq qıtlığı artıq gündəlik həyata təsir göstərir.
Eyni zamanda, Oksford Universitetinin professoru Piter Frankopan Rusiyada inqilab ehtimalını aşağı qiymətləndirsə də, Putinin hakimiyyətdə qalmaq cəhdlərinin onu daha təhlükəli addımlar atmağa sövq edə biləcəyini bildirib.