Müharibənin 19-cu günü: indiyədək öldürülən İran rəsmiləri - SİYAHI

Müharibənin 19-cu günü: indiyədək öldürülən İran rəsmiləri - SİYAHI

ABŞ və İsrailin İrana qarşı fevralın 28-də başlatdığı müharibənin 19-cu günüdür. Hücumlar nəticəsində ölkənin siyasi və hərbi rəhbərliyinə ağır zərbə vurulub. İranın ən yüksək səviyyəli fiqurlarının bir qismi öldürülüb və bu, İranın idarəetmə sistemində ciddi boşluqlar yaradıb. 

Şübhəsiz ki, ən diqqətçəkən hadisə İranın ali dini lideri Əli Xameneinin öldürülməsi olub. 1989-cu ildən ölkəyə rəhbərlik edən Xamenei fevralın 28-də Tehrandakı iqamətgahına endirilən ABŞ–İsrail hava zərbəsi nəticəsində 86 yaşında həyatını itirib. Onun uzunmüddətli hakimiyyəti dövründə təhlükəsizlik strukturlarının gücləndirilməsi və İranın regionda təsirinin genişləndirilməsi əsas prioritetlərdən olub.

Zərbələr nəticəsində İranın təhlükəsizlik və siyasi elitasının digər mühüm nümayəndələri də öldürülüb. Ali Milli Təhlükəsizlik Şurasının katibi, nüfuzlu siyasi fiqur Əli Laricani martın 17-də Pardis bölgəsində həyata keçirilən hücum zamanı oğlu və yaxın əməkdaşı ilə birlikdə həlak olub. O, həm keçmiş İnqilab Keşikçiləri komandiri, həm də nüvə danışıqlarında iştirak etmiş əsas fiqurlardan biri kimi tanınırdı.

İranın kəşfiyyat naziri İsmail Xətib isə martın 18-də İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb. Ruhani və sərt xətt tərəfdarı kimi tanınan Xətib uzun illər Xameneinin yaxın çevrəsində fəaliyyət göstərmişdi.

Öldürülən yüksək vəzifəli şəxslərin siyahısını təqdim edirik:

Əli Xamenei – İranın ali dini lideri;

Əli Şəmxani – İran Müdafiə Şurasının katibi;

Məhəmməd Pakpur – İnqilab Keşikçiləri Korpusunun komandanı, general-mayor;

Əbdülrəhim Musəvi – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor;

Əziz Nəsirzadə – Müdafiə naziri, briqada generalı;

Məcid İbn Rza – Müdafiə naziri (Nəsirzadənin varisi), briqada generalı;

Məhəmməd Şirazi – Ali rəhbərin hərbi ofisinin rəhbəri, briqada generalı;

Hüseyn Cəbal Amelian – Müdafiə İnnovasiya və Tədqiqat Təşkilatının (SPND) rəhbəri, briqada generalı;

Rza Müzəffəri Nia – SPND-nin keçmiş rəhbəri, briqada generalı;

Möhsün Dərrəbaği – Baş Qərargahın logistika üzrə müavini, briqada generalı;

Qulamrza Rəzaian – Polis Kəşfiyyat Təşkilatının rəhbəri, briqada generalı;

Bəhram Hüseyni Mütləq – Baş Qərargahda əməliyyat planlaşdırması rəhbəri, briqada generalı;

Məhəmməd Baseri – Kəşfiyyat Nazirliyinin yüksək vəzifəli əməkdaşı;

Saleh Əsədi – “Xatəm əl-Ənbiya” qərargahının kəşfiyyat rəhbəri;

Qulamrza Süleymani – “Bəsic” qüvvələrinin komandanı, briqada generalı;

Əli Laricani – Ali Milli Təhlükəsizlik Şurasının katibi;

İsmayıl Xətib – İranın kəşfiyyat naziri;

Bu miqyasda itkilər İranın həm siyasi rəhbərliyində, həm də hərbi komanda zəncirində ciddi boşluqlar yaradır. Analitiklər hesab edir ki, xüsusilə ali rəhbərin və təhlükəsizlik blokunun əsas fiqurlarının eyni vaxtda aradan götürülməsi ölkədə güc balansını dəyişdirə və regionda gərginliyi daha da artıracaq.