Dərsliklərdə plagiat iddiası: Məşhur hekayə niyə beş fərqli müəllifin adı ilə yayımlanıb?
Son günlər təhsil və ədəbiyyat ictimaiyyətini silkələyən ən böyük qalmaqallardan biri dərsliklərimizdəki müəlliflik hüquqlarının kobud şəkildə pozulması və plagiat iddialarıdır.
Şair və müəllim Səhər Əhmədin ictimailəşdirdiyi bu faktlar sadəcə bir-iki hekayənin kimin adına yazılması məsələsi deyil, bu, bütövlükdə dərslik siyasətimizin, tərtibat mexanizmlərinin və gələcək nəsillərə ötürülən dəyərlərin böhranıdır.
Məsələnin ciddiyyəti Səhər Əhmədin kiçik bir araşdırmasından sonra ortaya çıxıb. Belə ki, dərslikdə “Altun” nəşriyyatının direktoru, eyni zamanda dərslik tərtibatçısı Rafiq İsmayılovun imzası ilə təqdim edilən “Bilirdim ki, gələcəksən” hekayəsi Zəfər Günü ərəfəsində “Xalq qəzeti”ndə çap olunmaq üçün hazırlanıb. Lakin qəzetin redaksiyası çapdan öncə apardığı araşdırma zamanı maraqlı bir vəziyyətlə qarşılaşıb. Məlum olub ki, eyni hekayə Azərbaycanda Rafiq İsmayılovdan başqa daha dörd fərqli müəllifin adı ilə müxtəlif vaxtlarda yayımlanıb.
Ölkənin ən ciddi və köklü mətbuat orqanlarından birinin dərslik müəllifinə inanmayaraq əsəri qəzetdə müəllifsiz vermək məcburiyyətində qalması, əslində, problemin miqyasını göstərən ən kəskin detaldır.
Səhər Əhmədin də Kulis.az-a açıqlamasında qeyd etdiyi kimi, dərslik yazarına qarşı yaranan bu inamsızlıq fonunda əlavə araşdırmaya bəlkə də ehtiyac qalmamalı idi. Lakin proseslər fərqli istiqamət alıb.
Səhər Əhməd
Plagiat iddiaları ictimailəşdikdən sonra Rafiq İsmayılov iddiaları və ittihamları rədd edərək mübahisə doğuran hər üç hekayənin özünə məxsus olduğunu bəyan edib. O, müdafiə arqumenti kimi bildirib ki, dərslikdə öz adına çox sayda əsər olduğuna görə hekayələrdən birini xalası oğlu Arif Əliyevin təxəllüsü ilə rəsmiləşdirib.
Lakin bu açıqlama faktlarla toqquşanda ciddi ziddiyyətlər yaradır. Birincisi, Rafiq İsmayılovun “Arif Əliyevin adı ilə vermişəm” dediyi hekayə beşinci sinif dərsliyində tamam başqa bir şəxsin – Şəhla Zahidovanın imzası ilə gedib.
İkincisi və ən əsası, Səhər Əhmədin apardığı araşdırmalar nəticəsində məlum olub ki, eyni hekayə hələ 2008-ci ilin sentyabr ayında ingilisdilli mətbuatda "Today is a beautiful day and I cannot see it" ("Bu gün gözəl gündür və mən onu görə bilmirəm") başlığı altında dərc olunub. Əsər həmçinin Türkiyədə də yayımlanıb.
Rafiq İsmayılov
İngilisdilli orijinal mətnlə portalda "Arif Əliyev" imzası ilə yayımlanan mətn tamamilə eynidir. Dərslikdə "Şəhla Zahidova" imzası ilə gedən versiyada isə sadəcə mətnə müəyyən əlavələr edilib. Hətta bu hekayənin məzmunu əsasında illər əvvəl "YouTube" platformasında xüsusi videoçarxlar da hazırlanıb.
Özgəsinin əməyini gah xalaoğlunun, gah da başqa bir şəxsin adına rəsmiləşdirmək isə hüquqi müstəvidə müəllif hüquqlarının pozulması, mənəvi müstəvidə isə oxucuya və şagirdə hörmətsizlikdir.