Cəbrail Həşimov- Tanış sifət hekayəsi
Bəzən sakit durmaq, heç kimin işinə qarışmamaq və öz halal zəhməti ilə yaşamaq ətrafdakı bəzi insanları qıcıqlandırır. Çünki daxilində rahatlıq tapmayanlar başqalarının dinc həyatına dözə bilmirlər. Cəbrail Həşimovun "Tanış sifət" hekayəsi oxucunu gündəlik həyatımızda hər an rastlaşa biləcəyimiz bədbin və araqatan bir xarakterin daxili aləminə səyahətə çıxarır. Hekayəni təqdim edirik
TANIŞ SİFƏT
– Niyə dinmirsən? Sən də bir kəlmə desənə…
– Nə danışım?
– Nə danışasan? Camaat danışandan. Evdən-eşikdən, koronavirusdan, siyasətdən…
– Day siz danışırsız da… Mənə bir söz qalmır deməyə.
– Yəni danışmağa heç sözün yoxdur?
– Nə danışım axı? Sən danışırsan, elə bu hamıya bəs eləyir də…
– Sən də qonum-qonşudan danış. İşlədiyin məktəbdən danış, direktorunuzdan danış…
– Məktəbin nəyindən danışım ki? Dərsdir də, deyirik, sonra qayıdırıq evimizə.
– Necə yəni nəyindən danışım? Bəs direktorunuz rüşvət-zad almır?
– Bilmirəm. Alsa da, mən heç vaxt rüşvət vermirəm. Halal zəhmətimlə qazandığım puldan kiməsə niyə rüşvət verməliyəm ki?
– Nə danışırsan? Ola bilməz! Mən buna inanacaq qədər axmağam? Yaxşı, neçə saat dərsin var?
– İyirmi doqquz saat.
– Pahoo!!! Yaxşı maaş alarsan ha…
– Belə də… Allah bərəkət versin, şikayətim yoxdur.
– Bəs maaşından direktora hər ay nə qədər pul verirsən? Yəni adına rüşvət deyək də…
– Direktora niyə pul verməliyəm ki?
– Verməlisən də. Axı o, direktordur. Əlavə saat-filan…
– Qəribə söz danışırsan, vallah! Mənim bircə saat da əlavə dərsim yoxdur. Özüm də heç kimə bir manat da pul vermirəm.
– Bir manat vermirsən, əlli manat verirsən, yüz manat verirsən.
– Dedim ki, heç kimə pul vermirəm.
– Yaxşı-yaxşı, niyə əsəbiləşirsən, onda mənə de görüm, bir adama borcun-zadın var?
– Yox, heç kimə borcum yoxdur. Aldığım maaş özümə çatır.
– Heç inanmıram. Heç direktora rüşvət verməməyinə də inanmıram.
– Ay qardaş, nə qırsaqqız olub yapışmısan yaxamdan? Sənə dedim ki, mən heç kimə pul vermirəm.
– Neynək də, vermirəm, deyirsən, vermə. Onsuz da inanmayacağam. Mənim üçün çox maraqlıdır e, burda hamı nədənsə danışır, amma sən danışmırsan. Elə susub dinləyirsən.
– Məgər mən hökmən danışmalıyam?
– Yox e, sənin susub durmağın adamı qıcıqlandırır. Heç kimin işinə qarışmırsan, bir adama söz demirsən, heç nəyə etiraz etmirsən. Elə bil hər şeydən razısan.
– Əlbəttə, razıyam. Niyə narazı olmalıyam ki? Mənim üçün hər şey qaydasındadır.
– Yəni hər şeydən razısan?
– Dedim ki, razıyam.
– Heç evdə də bir narazılığın-zadın yoxdur?
– Yox, heç kimlə narazılığım yoxdur.
– İndi demək istəyirsən ki, arvadla da dalaşmırsan?
– Qəribə adamsan, vallah. Arvadla niyə dalaşmalıyam ki? Dəli-zadam məgər?
– Yəni heç sözünüz çəp gəlmir?
– İnsan bir-birinə hörmətlə yanaşanda sözü heç vaxt çəp gəlməz.
– Yox e, yəni heç qonşularla da mübahisə etmirsən?
– Hələ indiyə qədər bir qonşuyla da olsa, narazılığım olmayıb.
– Mən ömrümdə elə bir adam görməmişəm ki, heç kimlə mübahisə etməsin.
– Təsəvvür elə ki, indi görürsən. Dayanıb qarşında.
– Amma yenə də inanmıram.
– Nəyə inanmırsan?
– Sənin bu qədər üzüyola olmağına.
– Hardan bilirsən ki, mən üzüyolayam? Məncə, mən o qədər də üzüyola deyiləm.
– Axı deyirsən, heç kimlə mübahisə, dava eləmirsən.
– Hə də… Eləmirəm.
– Onda, demək, üzüyolasan.
– A kişi, üzüyola niyə oluram? Mən, sadəcə, hamı ilə yola getməyə çalışıram. Qəlbimdə kin saxlamıram, kimin nə qüsuru oldu, üzünə deyirəm. Onda da heç kim məndən incimir.
– Yəni indi sən demək istəyirsən ki, buradakıların hamısından ağıllısan?
– Çox ağıllı olmağımı deyə bilmərəm, ancaq, məncə, özümə görə kifayət qədər ağlım var.
– Sənin bu sözlərin adamı lap əsəbiləşdirir e…
– Nə qədər istəyirsən, əsəbiləşə bilərsən, öz işindir. Amma olar mən də sənə bir sual verim?
– Ver görək.
– Sən niyə hər yerə burnunu soxursan?
– Ha-ha-ha!!! Ay səni, avam adam! Bəs sən bilmirsən niyə?
– Yox, bilmirəm. Bilsəydim, soruşmazdım ki…
– Mən xəstəyəm, qardaş. Bərk xəstə.
– Necə yəni xəstə? Xəstəliyin bura nə dəxli var?
– Var ki deyirəm də.
– Yenə başa düşmədim.
– Burada başa düşməməli nə var ki, ay rəhmətliyin oğlu! Mən xəstəyəm. Xəstəliyim də hər kəsin işinə qarışmaq, söz gəzdirmək, ara vurmaq, ev yıxmaq, ailə dağıtmaq, qardaşı qardaşa, ananı balaya düşmən etməkdir. Özüm də bilirəm ki, bunlar çox pis əməllərdir. Ancaq neyləyim? Özümlə bacarmıram. Mən paxılam. Birinin xoş gününü, xoş halını görəndə paxıllıqdan ürəyim partlayır. İstəyirəm ki, onun həyatını alt-üst eləyim. Nə qədər özümə söz verirəm, bir də heç kimin işinə qarışmayacam, alınmır ki, alınmır. Deyirəm, bəlkə, sən mənim bu dərdimə bir əlac edəsən… Bir dərman deyəsən mənə, bir yol göstərəsən. Bəlkə, qurtara canım bu dərddən. Sən Allah, bir yol bilirsənsə, de də mənə… Xilas elə məni bu bəladan. Bəlkə, mən də hamı kimi rahat yaşaya biləm. Yalvarıram…