Bir xoş sözlük məsafə- Gün Ay Ümidin şeirləri

Bir xoş sözlük məsafə- Gün Ay Ümidin şeirləri

Hər bir misrasında dərin bir nisgil və ilahi ümid bəsləyən Gün Ay Ümid, təqdim olunan şeirlərində həyatın acı həqiqətlərini və itkilərin buraxdığı silinməz izləri poeziyanın dilinə çevirir. Oxuculara təqdim olunan bu şeirlər toplusu insanı həm düşünməyə, həm də daxili dünyası ilə baş-başa qalmağa dəvət edir.

 

ƏMƏLİYYAT MASASI

 

Gecənin yaxasında,

Qismətin cibindəyəm.

Burdan o yana yol yox,

Dizimin dibindəyəm.

 

Üzümdəki məğrurluq

Keçdiyim döyüşlərdi,

Ağrıların sifariş

Etdiyi gülüşlərdi...

 

Dərdimin altındakı

Çox cılız, boyu bəstə.

Bu yükü kim qaldırıb

Çiyinlərimin üstə?!

 

Ürəyim yanğın yeri –

Sevinc yandı, dərd bişdi.

Yaxşıların çoxu da

Fürsət tapmayan pisdi.

 

Bu hünərin, dözümün

Kim bağlayıb qolunu?

Kölgəsində itirdim

Təsəllinin yolunu...

 

Bir az hüzur ver, Allah,

Ürəyimə basası.

Acılar günahların

Əməliyyat masası.

 

Gizlət məni, İlahi,

Bir korun gözlərində.

Unut məni, İlahi,

Bir lalın sözlərində.

 

İlahi, qulağımı

Quş səsinə bağışla.

Gözlərimin yaşını

Qurut yağan yağışla.

 

Ağlıma girmə, Allah,

Fikirlər səni yorar.

Mən incə düşünənəm,

Ruhuma soyuq olar.

 

İndi çiyninə alıb

Məni dərd daşısın da...

Çökmüşəm yorğunluğun

Taqətsiz qarşısında.

 

İndi gəl al canımı,

Yuxudan oyat məni.

Bir duanın içində

"Amin" tək yarat məni.

 

MƏSAFƏ

 

Ay Allah nə vaxtdı küncdəki uşaq

Zülmətin dilini öyrənmir axı...

Görəsən hələ də yatıb, ya ölüb?!

Min ildi yerindən tərpənmir axı...

 

İlahi bu uşaq mənə oxşayır

Görən necə qalıb, necə həyatda?!

Əyninə kiçilib paltarları da

Hələ ümid əkib köksünü altda.

 

Yuxusu illərdi didərgin düşüb

Gözündən tökülən gecə bəhanə...

Milyon nağıl yol da gəlsə bitməyib

Başı ilə bircə yastıq məsafə.

 

Hələ də əlləri göylərdə qalıb

Özün tapa bilmir getdiyi yerdə

Asıb darçın qoxan dualarını

Ayaq izlərinin itdiyi yerdə

 

Ahla ləkələnib alın yazısı

Bəxti bir qaranlıq sözə boyanıb

İşığa çıxmağa axı bu uşaq

Bir xoş sözlük məsafədə dayanıb...

 

 

DOQQUZDAN SONRA

 

O gün duz dağıldı süfrənin üstə,

Anam da qənd qoydu, dava düşməsin.

Yazıq heç bilmədi nə uydursun ki,

Söhbət böyüməsin, söhbət şişməsin.

 

Nənən darvazaya qara bağladı,

Anan saçlarını yolduğu yerdə.

Sonra yas mağarı qurdular sənə,

Köhnə yelləncəyin olduğu yerdə.

 

Atan da boynunu bükdü qapıda,

Köhnə samavar da yanmadı daha.

Sonra sən bilmədin, sən eşitmədin,

Çaydan əvvəl biz soyuduq sabaha.

 

Qopmuş başmaqların addımsız qaldı,

Getdin, evinizə  küskünlük köçdü.

Elə səndən sonra evdəki saat

Daha zamanı yox, səbiri ölçdü.

 

Hamı yavaş-yavaş dağılıb getdi,

Seçib bəhanənin ən axmağını.

O gün küçənizə baxan pəncərə

Daha gözləmədi ay çıxmağını.

 

Sonra sabahlara illər qoşuldu,

Qonşunun qarımış qızın aldılar.

Köhnə yelləncəyin olduğu yerdə

Qol da qaldırdılar, toy da çaldılar.

 

Mənim yaşım artdı, boyum uzandı,

Sənin yaşın isə qaldı hey doqquz.

Səndən sonra ömrün dadı şit oldu,

İllərdir yaramı göynədir o duz...

 

 

NAŞI AYRILIQ

 

Hələ xamdı, çox naşıdı ayrılıq,

Yepyeniydi sənsizliyin ağrısı.

Gedirsənsə, biraz tələs, birdənəm,

Gecə düşür, saat ömrün yarısı.

 

Bilirdim ki, əvvəl-axır bitəcək,

Ümiddi də başımızı qatırdı.

Yalanların sehirində, sirrində

Ürəkdi də, şirin-şirin yatırdı.

 

Daha isti xatirələr isitməz,

Bir də buna öyrəşmək var — ölümdü.

Bulud gözlər yağışını tökdüsə,

Bir də hava soyudumu, zülümdü...

 

Sən yuxunun çin çıxmayan tərəfi,

Mən gecənin qadasını alaram.

Bu dar otaq böyüdükcə, böyüyər,

Qucağında bircə ovuc qalaram.

 

Nə bilirsən, bəlkə topal diləklər

Mənə bir gün qaçmağı da öyrədər.

Nə bilirsən, bəlkə belə yaxşıdı,

Bu uçurum uçmağı da öyrədər...