Bakıda güclü yağışların fəsadları müzakirə olundu: bəzi rayonlara irad, ümumşəhər iməciliyi elan edildi

Bakıda güclü yağışların fəsadları müzakirə olundu: bəzi rayonlara irad, ümumşəhər iməciliyi elan edildi

Bakı Şəhər İcra Hakimiyyətində şəhərin kommunal xidmət rəhbərlərinin iştirakı ilə keçirilən növbəti müşavirədə son günlər paytaxtda müşahidə olunan intensiv yağışların yaratdığı fəsadlar geniş müzakirə olunub.

Kanal15.az xəbər verir ki,müşavirədə bildirilib ki, üç gün davam edən güclü yağıntı nəticəsində yaranmış problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilib. Xüsusilə Nizami, Xəzər və Sabunçu rayonlarında görülən işlər qənaətbəxş hesab olunub və aidiyyəti qurumların fəaliyyəti müsbət qiymətləndirilib.

Bununla yanaşı, bəzi rayonlarda yağışın nəticələrinin aradan qaldırılması sahəsində ciddi çatışmazlıqların olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, aparılan monitorinqlər zamanı ən çox zərərin tikinti normalarına əməl olunmadan, qanunsuz şəkildə inşa edilmiş gecəqondu evlərdə qeydə alındığı müəyyən edilib.

Şəhər rəhbərliyi tərəfindən vurğulanıb ki, yağışın fəsadlarının aradan qaldırılması prosesində rayon icra hakimiyyəti başçıları şəxsi məsuliyyət daşıyır və bu istiqamətdə nəzarət daha da gücləndiriləcək.

Müşavirənin yekununda paytaxtda sanitar vəziyyətin yaxşılaşdırılması məqsədilə martın 30-da genişmiqyaslı ümumşəhərdaxili iməcliyin keçirilməsi barədə qərar qəbul edilib.