Azərbaycan alimlərindən mühüm kəşf: 2800 illik Urartu abidəsinin yeri müəyyən olundu

Azərbaycan alimlərindən mühüm kəşf: 2800 illik Urartu abidəsinin yeri müəyyən olundu

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları Naxçıvan Muxtar Respublikasında 2800 il yaşı olan qayaüstü Urartu mixi yazılı mətnin yerini müəyyən ediblər.

Bu barədə AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev, Xaraba-Gilan arxeoloji ekspedisiyasının rəisi, dosent Bəhlul İbrahimli və tədqiqatçı Hüseyn Cəfərov məlumat veriblər.

Bildirilib ki, 2026-cı il iyunun 1-də aparılan tədqiqatlar zamanı İlandağ ərazisində e.ə. VIII əsrə aid qayaüstü Urartu mixi yazısının yerləşdiyi məkan aşkar olunub. Qeyd edək ki, sözügedən abidə ilk dəfə XX əsrin 80-ci illərinin sonunda elm aləminə təqdim olunsa da, onun dəqiq yerləşdiyi yer məlum deyildi. Uzun illər ərzində aparılan axtarışlara baxmayaraq, abidənin yeri müəyyən edilə bilməmişdi.

Araşdırma zamanı müəyyən olunub ki, qayaüstü yazıda Urartu hökmdarı I Sardurinin oğlu İşpuini və onun oğlu Menuanın fəaliyyəti tərənnüm edilir. Mövcud tərcümələrə əsasən, mətndə Arşini və Aniani şəhərlərinin fəthi, eləcə də Haldi tanrısına həsr olunmuş dini ayinlər barədə məlumatlar əks olunub.

Mütəxəssislər hesab edirlər ki, bu tapıntı qədim Urartu dövlətinin Cənubi Qafqazdakı fəaliyyəti və Naxçıvanın qədim tarixi ilə bağlı yeni elmi araşdırmalar üçün mühüm əhəmiyyət daşıyır.

Fakt ölkənin arxeoloji irsinin öyrənilməsi baxımından son illərin mühüm elmi nailiyyətlərindən biri kimi qiymətləndirilir.

Kanal15.az