31 Mart – Azərbaycanlıların Soyqırımı Günü
Hər il 31 Mart tarixində Azərbaycan xalqı 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən törədilmiş qanlı qətliamları anır. Tarixi sənədlərə və rəsmi mənbələrə əsasən, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində – Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda minlərlə dinc azərbaycanlı milliyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib. Hadisələr “Daşnaksütyun” partiyasının rəhbərliyi ilə Bakı Soveti və erməni silahlı birləşmələrinin birgə fəaliyyəti nəticəsində baş verib. Şamaxıda 8 mindən çox, Qubada isə 16 mindən artıq insanın öldürüldüyü, yüzlərlə kəndin yandırıldığı rəsmi faktlarla sübut olunub. Bu faciə, 1998-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə “Azərbaycanlıların Soyqırımı Günü” kimi rəsmiləşdirilərək tariximizin unudulmaz səhifəsinə çevrilmişdir.
31 Mart – yalnız bir matəm günü deyil, həm də milli yaddaşımızı qorumaq və gələcək nəsillərə ötürmək missiyası daşıyan tarixi bir gündür.