SEPAH: Hörmüz boğazında iki tankerdə partlayış və yanğınlar baş verib
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Tehran tərəfindən təsdiqlənməyən marşrutla Hörmüz boğazından keçməyə cəhd edən iki tankerin göyərtəsində partlayışlar və yanğınlar baş verdiyini bəyan edib.
Bu barədə SEPAH məlumat yayıb.
"Hörmüz boğazından icazəsiz marşrutla hərəkət edən iki tanker dayandırılıb. Güclü partlayışlardan sonra onların göyərtəsində yanğın baş verib", - bəyanatda bildirilib.
İran hərbçilərinin iddiasına görə, gəmilər naviqasiya sistemləri söndürülmüş halda hərəkət edib. Onlardan biri minaya düşərək partlayıb. İkincisi isə ABŞ qırıcılarının mühafizəsi altında boğazı keçməyə cəhd edib. İnsident boğazın cənub sahilində baş verib.