DALĞALAN BAŞIM ÜSTƏ ƏZƏMƏTLƏ, BAYRAĞIM

DALĞALAN BAŞIM ÜSTƏ ƏZƏMƏTLƏ, BAYRAĞIM

Cəlilabad Rayon Veteranlar Təşkilatı Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirib.

 Tədbirdən öncə torpaqlarımızın azalığı və dövlətimizin suverenliyi uğrunda ölməzlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü, şair-jurnalist Ədalət Salman Zəfər bayramı və Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir iştirakçılarını təbrik edib. Qeyd edib ki, üçrəngli Azərbaycan bayrağı ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Nazirlər Şurasının iclasında dövlət bayrağı kimi qəbul olunmuşdur.

 1991-ci il fevralın 5-də Azərbaycan Ali Soveti həmin bayrağın ölkənin dövlət bayrağı kimi təsdiq olunması haqqında qərar qəbul etmişdir.

Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il noyabrın 9-u "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" elan olunmuşdur.

Tədbirdə Qarabağ Qaziləri İctimai Birliyi rayon filialının rəhbəri Maşallah Əliyev, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Rza Əliyev, "Region.az.Tv" saytının redaktoru Murad Hüseynov, tanınmış qələm adamlarından Əfrahim Abbas, Mikayıl İnçəçaylı, Azər Mirzə, şəhər 2 saylı orta məktəbin direktor müavini Əli Niyaz Müslümpğlu, şəhər 7 saylı orta məktəbin müəllimi Xəlil Fərəməzoğlu, Əmək veteranları Abbas Şahmarov, Rəhiməli Əliyev, ictimai fəal Famil Səlimov və başqaları çıxış edərək Dövlət bayrağımızı həmişə ucalara qaldıran igid oğullarımızın şücaətindən söz açıblar, şanlı Zəfərimizin və Dövlət Bayrağımızın şərəfinə həsr olunmuş şeirlər söyləyiblər.

Tədbirin sonunda Zəfər bayramı və Vətən Müharibəsi zamanı könüllü olaraq ön cəbhəyə gedərək Milli Ordimuza maddi-mənəvi və psixoloji dəstək göstərdiklərinə görə dörd nəfərə rayon Veteranlar Təşkilatının Təşəkkürnaməsi təqdim olunub.