Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov şəhid ailələri ilə görüşüb
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov şəhid ailələri ilə görüşüb
12 noyabr 2026-cı il tarixdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Məmmədov şəhid ailələri ilə görüş keçirib, onların qayğıları və sosial-məişət məsələləri ilə yaxından maraqlanıb.
Tədbir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görüşdə çıxış edən RİH başçısı Orxan Məmmədov ölkəmizin hər yerində olduğu kimi, Yardımlı rayonunda da şəhid ailələrinə, qazilərə və veteranlara dövlət səviyyəsində xüsusi həssaslıqla yanaşıldığını qeyd edib. O, bu istiqamətdə göstərilən dəstəyin bundan sonra da davamlı olacağını vurğulayıb.
O.Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, polad iradəsi, şəhidlərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində Vətənimizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərqərar olunub. İcra başçısı böyük qürur hissi ilə qeyd edib ki, aparılan uğurlu siyasətin və tarixi Qələbənin nəticəsi olaraq, artıq Qarabağda soydaşlarımız azad, təhlükəsiz və firavan şəkildə yaşayırlar.
Daha sonra görüşdə iştirak edən şəhid ailələrinin üzvləri çıxış edərək öz arzu, təklif və qayğılarını diqqətə çatdırıblar. Səsləndirilən müraciətlər rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib və qaldırılan məsələlərin qısa müddətdə qanunvericiliyə uyğun həll edilməsi məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib.
Görüşün sonunda şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya, eləcə də problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını ifadə ediblər.