Tarixi şəxsiyyətlər yetirən Güney Azərbaycan şəhəri - ARAŞDIRMA

Oct 1, 2024 - 13:00
 0  293
Tarixi şəxsiyyətlər yetirən Güney Azərbaycan şəhəri - ARAŞDIRMA

Kanal15 APA-nın “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Şəbüstər - dahi insanların şəhəri” adlı yazısını təqdim edir.

Şərqi Azərbaycan əyalətinin şəhərlərindən biri olan Şəbüstər (Güney) şəhəri əyalətin mərkəzi sayılan Təbriz şəhərindən 65 kilometr aralıdadır. Qeyd etmək lazımdır ki, İranda ölkə inzibati ərazi bölgüsünə görə Güney Azərbaycan bölgəsi Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. Şəbüstər şəhəri əslində Şəbüstər rayonunun (şəhristan) mərkəzində yerləşir və bu rayonun Təsuc, Sofyan, Xamənə, Sis, Kuzəkonan, Güney, Mişo, Çillə Xana kimi daha kiçik şəhər və qəsəbələri ilə əhatə olunub. Əslində Şəbüstər şəhəri qədimdən tanınan və bu gün belə yerli əhalinin dilində istifadə edilən Güney mahalının mərkəzində yerləşən şəhərdir. Güney sözü Türk sözü olduğu üçün İranın inzibati sistemi şəhərə bu adı verməkdən çəkinib və yalnız bir neçə kənd bu adla adlandırılıb.

Bir yandan Mişo dağlarına, bir yandan da Urmu gölünə dayanan Güney mahalı əlverişli hava şəraitinə görə kənd təsərrüfatı məhsulları və bağçılıq üçün mühüm mərkəzlərdən biri hesab olunurdu, lakin son illərdə Urmu (Urmiya) gölünün qurudulmasının nəticəsində bölgədə əkinçilik və bağçılıq ciddi fəsadlarla üzləşib. Xüsusən də tarla və bağları Urmu gölünün yaxınlığında olan kəndlilər əkin-biçin yerlərini Allahın amanına buraxıb başqa yerlərə köçmək məcburiyyətində qalıblar.

2017-ci ilin siyahıyaalınmasına əsasən, Şəbüstər şəhərinin əhalisi 15 663 nəfərə, rayonun əhalisi isə 135 421 nəfərə bərabərdir. Bu şəhərin əhalisi Azərbaycan türkcəsində danışır. Onlar müsəlman və şiədir.

Güney mahalının qədim tarixi və mədəniyyəti

Güney mahalının və Şəbüstər şəhərinin qədim tarixi haqqında çox şey bilmirik. Yalnız o da məlumdur ki, Urartu dövləti (eramızdan əvvəl 860 – 547) güclü olduğu çağlarda bu bölgəni öz ərazisinin tərkib hissəsinə daxil etmişdi. Beləliklə, bölgənin qədim tarixinin ən azı eramızdan əvvəlki dövrlərə qədər uzanmış olduğunu anlaya bilirik. Digər tərəfdən, bu bölgə qədim zamanlardan alimlərin, görkəmli tarixi şəxsiyyətlərin doğulduğu və fəaliyyət göstərdiyi yer olub.

Şeyx Mahmud Şəbüstəri (1288- 1340) Moğol Elxanlarının hakimiyyəti dövründə (1256-1356) Şəbüstərdə doğulan və ölümündən sonra həmin şəhərdə dəfn edilən görkəmli şair və mistiklərdən biri idi. O, Səfəvilər sülaləsinin və Şah İsmayıl Səfəvinin böyük əcdadı Şeyx Səfiuddin Ərdəbilinin müasiri olub və Şeyx Səfiuddin kimi yazdığı əsərlərin nəticəsində özündən sonrakı mistik və sufilərə böyük təsir göstərib.

Şeyx Mahmud Şəbüstərinin türbəsi

Deyilənə görə, Əmir Teymur Azərbaycana səfəri zamanı Şeyx Mahmudun qəbrini ziyarət etmiş və ona ehtiramlarını bildirərək, Fatihə oxuyarkən onun qəbri üzərində möhtəşəm bir məqbərənin tikilməsini əmr edib. Təbii ki, türbə bir çox tarixi dövrlərdə dağılıb və yenidən tikilib.

Modern Azərbaycan ədəbiyyatının qurucularından Mirzə Fətəli Axundovun əsli də Güney mahalında yerləşən və bu gün Şəbüstər rayonunun şəhərlərindən sayılan Xamnə şəhərindəndir.

Şeyx Məhəmməd Xiyabani (1879- 1920 ) də Xamnə şəhərində doğulan tarixi şəxslərdəndir. Xiyabani 1905-1911-ci illər Məşrutə inqilabı dövründə siyasi həyata qədəm qoymuş, xüsusilə özünün bəlağətli nitqi ilə fəal iştirakçılarından olmuşdur. O, Məşrutə Hərəkatı uğur qazandıqdan sonra Təbriz əhalisi tərəfindən Tehranda yenicə qurulmuş olan Məşrutə Məclisinə vəkil olaraq seçilmişdir.

Xiyabani 1920-ci ilin aprelində Tehrandakı hökumətə qarşı Təbriz qiyamına başçılıq etdi və 5 aydan çox müddət ərzində Azərbaycanı idarə etdi. Amma 1920-ci il sentyabrın 12-də öldürüləndə onun qurduğu hökumət də ömrünü başa vurdu. Buna baxmayaraq, onun tutduğu yol davamlı oldu. 1945-də Seyid Cəfər Pişəvərinin rəhbərliyində qurulmuş olan Azərbaycan Demokrat Firqəsi əslində 24 il əvvəl Xiyabaninin qurduğu təşkilatın adını daşımaqdaydı. Məsələ sadəcə adda deyil, Xiyabani Azərbaycan Demokrat Firqəsinin liderləri, eləcə də Pişəvəri tərəfindən bir azadlıq fədaisi kimi görülürdü.

Xamnə şəhərində Şeyx Məhəmməd Xiyabaninin evi təmir və bərpa olunub

Güney (Şəbistər) mahalında doğulub Məşrutə hərəkatında təsirli rol oynayan yeganə şəxs Şeyx Məhəmməd Xiyabani deyildi. Bu bölgədə dünyaya göz açan digər simalardan biri də Məşrutə dövründə Azərbaycan Əyalət Assosiasiyasının ilk sədri olan Hacı Mehdi Küzekonanidir. Yuxarıda qeyd etdiyimiz kimi, Küzekonan Güney mahalının, yaxud Şəbüstər şəhərinin qəsəbələrindən biridir. Zəngin bir tacir olan Hacı Mehdi Küzekonani (1838-1918) evi ilə yanaşı, var-dövlətini də məşrutəçilərin ixtiyarına vermişdi. Bu səbəbdən ona Millət atası ünvanı verilmiş, evi isə Məşrutə evi deyə adlandırılmışdı. Bu gün onun evi Təbriz Məşrutə Evi adında muzeyə çevrilib.

Təbriz. Bu gün Məşrutə Evi adı altında muzeyə çevrilmiş olan Hacı Mehdi Küzekonaninin evi

Şəbüstər adı gələndə xatırlanan şəxslərdən biri də heç şübhəsiz Mirzə Əli Hacı Ağa oğlu Möcüzdür (1873- 1934). Mirzə Ələkbər Sabir kimi millətini qəflət yuxusundan oyatmağa çalışan Möcüz Azərbaycanın çağdaş satira şeirinin ən tanınmış nümayəndələrindən olmuşdur. Möcüzün poeziyası Sabirin yaradıcılığına bənzədiyi kimi onların həyatları da oxşar olub. Belə ki, mütərəqqi düşüncələrinə görə həmişə ənənəçilər və xurafatçılar tərəfindən sıxışdırılıb. Qəflət yuxusunda yatmış millətini oyandırmağa müvəffəq olmayan şair umudsuzluqla Allaha yalvarır:

İlahi, ildırım göndər cəhalət pərdəsini yandır,

Qaranlıqda qalıbdır xalq bu dünyanı işıqlandır.

Şəbüstər şəhərində dünyaya göz açmış şəxsiyyətlərin biri də Hacı Mirzə Əli Şəbüstəridir. O, 1898-ci ildə tacir ailəsində doğulub, Xiyabani hərəkatında iştirak edib. Köhnə demokrat hesab edilirdi. 1941-ci ildə İranın sovet və ingilis orduları tərəfindən işğalı və Rza şah Pəhləvi diktaturasının süqutundan sonra Şəbüstəri ilk fürsətdə Təbrizdə Azərbaycan Cəmiyyəti adlı təşkilatı qurub. Bir ayın içində həmin təşkilatın sözçüsü sayılan “Azərbaycan qəzeti” yayımlanmağa başlayıb. Təəssüf ki, nə cəmiyyətin, nə də qəzetin ömrü uzun sürüb. Rza şahın oğlu Məhəmməd Rzanın hakimiyyəti dövründəki diktatura rejimi “Cəmiyyət”i ləğv edərək qəzetin fəaliyyətini qadağan etdi. Lakin eyni qəzetə 1945-ci ildə Azərbaycan Demokrat Firqəsi qurulduğunda yenidən fəaliyyətə başladı. Əslində Şəbüstəri Azərbaycan Demokrat Firqəsinin əsas qurucularından sayılırdı və Azərbaycan Milli Hökuməti dönəmində isə Milli Məclisin sədri kimi fəaliyyət göstərirdi.

Keçmişdən böyük insanların doğulduğu bölgə olan Güney mahalı, çağdaş dönəmdə də Azərbaycan toplumuna görkəmli şəxsiyyətlər bəxş edib. Şübhəsiz ki, bu görkəmli şəxsiyyətlərin biri də professor Məhəmməd Təqi Zəhtabidir. Professor Məhəmməd Təqi Zəhtabi (1923-1998) Şəbüstərin ziyalı ailəsində anadan olub, müasir Güney Azərbaycan gəncliyinə böyük təsir buraxan alim olub.

Zəhtabinin gəncliyi Seyid Cəfər Pişəvərinin liderliyi altında olmaqla Azərbaycan Milli Hökumətinin (1945-1946) qurulduğu dövrə təsadüf edir. Fars, ərəb və fransız dillərini bilən Zəhtabi Azərbaycan milli hökumətinin qurulması sayəsində öz ana dilini elmi və akademik cəhətdən öyrənmək imkanı tapmağına çox sevinirdi və həmin hökumətin təşəbbüsü nəticəsində açılmış olan Azərbaycan Universitetinin ilk öyrəncilərindən olmuşdu. O, eyni zamanda, Güney Azərbaycanda əldə edilmiş azadlığı qorumaqda öz milli vəzifəsini yerinə yetirmək məqsədi ilə Azərbaycan Demokrat Firqəsinin gənclər qanadının üzvü seçilmişdi. 1946-cı ilin dekabrında Azərbaycan milli hökumətinin süqutu ilə Güney Azərbaycanda bir çox insanlar kimi gənc Zəhtabinin də həyatında ağrılı eniş-yoxuşlar başladı. Canını qurtarmaq üçün Arazdan Quzey Azərbaycana sığınmaq istəyən Zəhtabi sərhəd məmurları tərəfindən tutulub bir neçə il müddətinə Sibirə sürgün edildi.

İranda Pəhləvi rejiminin süqutu ilə Zəhtabi İrana qayıtdı, lakin yeni hökumət də ona qarşı mehriban olmadı. Təbriz Universitetində professorluqdan qovulmuş, dəfələrlə həbs edilmiş, işgəncələrə məruz qalmış, dindirilmişdi. Amma bunların heç biri onun Güney Azərbaycan türklərini oyatmaq üçün dəmir iradəsini zəiflədə bilməzdi. Onun yazdığı kitablar və fəaliyyəti Güney Azərbaycanda milli hərəkatın yeni dalğasının formalaşmasına səbəb oldu.

Şəbüstər şəhərində Zəhtabinin məzarı

İranın son yüz ildəki siyasəti nəticəsində Azərbaycan türklərinin bir qismi assimilyasiya olsa da, Güney mahında Azərbaycan mədəniyyəti hələ də yaşamaqdadır. Bura İranın repressiv mədəniyyət siyasətinin o qədər də uğur qazana bilmədiyi Güney Azərbaycanın azsaylı bölgələrindəndir. Bəlkə də bu yazıda da adıçəkilən tarixi şəxsiyyətlərin sayəsində İranın məkrli siyasəti tam baş tutmayıb. Unutmayaq ki, professor Zehtabi Güney Azərbaycanın çağdaş tarixində ən təsirli simalarından biri olub. Günümüzdə Güney Azərbaycan türkləri, xüsusilə özünü Zehtabinin şagirdi və davamçısı olaraq görən gənc nəsil, hökumətin bütün maneə və təzyiqlərinə baxmayaraq, azərbaycanlılığını, türklüyünü, mədəniyyətini, tarixini və dilini qoruyub saxlamağa qərarlıdır. Bu gəncliyin imkanları çox az və qısıtlı olsa da, iradəsi sarsılmazdır. Başqa şəhərlərimiz haqqında yazdığımız bir neçə cümləni burada və bu şəhər haqqında da təkrar ifadə etməyi mümkün və lazım görürəm: Azərbaycan rəqsi və musiqisi, azərbaycanlı həvəskarların çıxışları, aşıqların ifaları, bayatılar, Azərbaycan muğamatı, ilin son çərşənbə axşamı adətləri, Novruz ənənələri, sayaçılar, təkəmçilər, çillə gecəsi, “Koroğlu” dastanı kimi adətlər, dəblər və ənənələr bu şəhərdə yaşadıqca demək ki, Azərbaycan hələ bu şəhərdə yaşayır.

Şəbüstər haqqında yazdığımız yazı, Güney Azərbaycanımız başqa şəhərləri haqqında qələmə aldığımız yazılardan bir qədər fərqli alındı. Olsun! Azərbaycanımızın hər bir şəhərinin, hər bir bölgəsinin özünəməxsus xüsusiyyətləri var. Şəbüstər və daha doğrusu qədimdən tanındığı kimi Güney mahalı da dahi insanlar yetişdirməsi ilə tanınır.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow