Məşqçi Cavid Qurbanovdan müraciət: “Əməyimə ədalətli qiymət verilsin”

Məşqçi Cavid Qurbanovdan müraciət: “Əməyimə ədalətli qiymət verilsin”

Uzun illərdir məşqçilik fəaliyyəti ilə məşğul olan Cavid Qurbanov “Əməkdar məşqçi” fəxri adı ilə bağlı müraciətinin 2 ildən artıqdır nəticəsiz qalmasından narazılığını bildirib.

O, qeyd edib ki, bu illər ərzində yüzlərlə idmançı yetişdirib, onlardan bir çoxu Azərbaycan çempionu olub, eləcə də Avropa və dünya səviyyəli yarışlarda ölkəmizi uğurla təmsil edib.

Məşqçi Kanal15.az saytına bildirib ki, onun yetirmələri sırasında Ruslan Nurullayev və Ziya Babaşov kimi beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edən dünya və Avropa çempionları da var:

“Bu nəticələrin arxasında illərin zəhməti və böyük əziyyət dayanır. Hazırlanan təqdimat yerli təşkilatlar və federasiya tərəfindən təsdiqlənərək müvafiq qaydada Nazirliyə təqdim olunub.”

Cavid Qurbanov vurğulayıb ki, müraciəti mövcud əsasnamə və meyarlara tam uyğun şəkildə hazırlanıb və bütün hüquqi-prosedur tələbləri yerinə yetirilib. Buna baxmayaraq, artıq 2 ildən çoxdur məsələ ilə bağlı konkret qərar verilməyib:

“Dəfələrlə müraciət etsəm də, yalnız ‘növbəti Kollegiya iclasında baxılacaq’ cavabını alıram. Bu qədər zəhmətin qarşılıqsız qalması insanı incidir və motivasiyaya təsir edir.”

Məşqçi sonda qeyd edib ki, dövlətin idmana göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirir və məsələnin ədalətli şəkildə həll olunacağına ümid edir:

“Əməyim var, nəticəm var — sadəcə istəyim odur ki, haqqım olan qiymət verilsin.”

Mövzu ilə bağlı əlavə açıqlama veriləcəyi gözlənilir.