İspaniyada qayıqlarla Balear adalarına gələn 57 miqrant xilas edilib

İspaniyada qayıqlarla Balear adalarına gələn 57 miqrant xilas edilib

İspaniya Mülki Qvardiyası və Dəniz Xilasetmə Xidməti dörd qayıqla Balear adalarının sahillərinə gələn 57 miqrantı xilas edib: onlardan biri Kabreranın cənub-şərqində, qalanları isə Formentera istiqamətində və ya həmin adanın sahilində aşkar edilib.

Bu barədə İspaniya mediası məlumat yayıb.

İçərisində 19 miqrantın olduğu qayıqlardan biri Kabrera adasının cənub-şərqindən 12 mil məsafədə batsa da, onları xilas etmək mümkün olub. Xilasetmə əməliyyatında Mülki Qvardiyanın əyalət dəniz xidməti, Felanitksdəki komandanlıq və postun əməkdaşları, eləcə də Mülki Qvardiya və Dəniz Xilasetmə Xidmətinin helikopterləri iştirak edib.

Bu dörd qayıq da daxil olmaqla, ötən gün Balear adalarına 7 qayıqla 106 miqrant gəlib.

İspaniya Daxili İşlər Nazirliyinin son məlumatlarına, eləcə də hökumətin Balear adalarındakı nümayəndəliyinin saxlanılmalar barədə məlumatına əsasən, ilin əvvəlindən arxipelaqa 219 qayıqla 4 145 qanunsuz miqrant gəlib.