IsDB: Beynəlxalq audit platforması süni intellekt texnologiyaları əsasında hazırlanıb
Beynəlxalq maliyyə institutlarının istifadə etdiyi audit və maliyyə idarəetmə platforması süni intellekt texnologiyaları əsasında hazırlanıb.
Kanal15.az "Report"a istinadən xəbər verir ki, bunu İslam İnkişaf Bankının (IsDB) Layihələrin Satınalınması və Maliyyə İdarəetməsi üzrə meneceri Aamir Ghani Mir Bakıda keçirilən IsDB Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində Azərbaycan Hesablama Palatasının təşkil etdiyi ilə "Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal Dövlət Auditi" tədbirində bildirib.
Onun sözlərinə görə, platforma layihələrin illik və yekun auditlərinin aparılması, audit hesabatlarının hazırlanması və portfel göstəricilərinin monitorinqi üçün istifadə olunur: "Sistem layihələrin audit vəziyyətini, vaxtında yoxlanılıb-yoxlanılmadığını və mövcud problemləri real vaxt rejimində izləməyə imkan verir. Bu texnologiyadan hazırda Dünya Bankı, Amerika İnkişaf Bankı, IsDB və Asiya İnkişaf Bankı istifadə edir. IsDB audit hesabatlarının hazırlanmasında süni intellekt əsaslı həllərdən istifadə edir. Sistem maliyyə audit hesabatlarını və idarəetmə məktublarını avtomatik qəbul edir, məlumatları yoxlayır və ilkin audit qiymətləndirməsini hazırlayır. Daha sonra peşəkar auditorlar bu nəticələri yoxlayır, mümkün uyğunsuzluqları aradan qaldırır və əlavə dəyər yaradır".