Cəlilabadda şəhid ataları ilə görüş keçirilib

Cəlilabadda şəhid ataları ilə görüş keçirilib

Kanal15.az xəbər verir ki, 21 aprel 2026-cı il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fizuli Cəfərov bir qrup şəhid ataları ilə görüş keçiriblər.

Görüşün əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icrası çərçivəsində şəhid ailələri, müharibə əlilləri və qazilərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin diqqətə çatdırılması olub.

Rayon rəhbəri bildirib ki, bu kateqoriyadan olan vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər sistemli və ardıcıl şəkildə davam etdiriləcək. O, həmçinin qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ölkənin hər yerində olduğu kimi, Cəlilabad rayonunda da daim yüksək ehtiramla anılacaq.

Çay süfrəsi ətrafında davam edən görüşdə Rafiq Cəlilov şəhid ataları ilə səmimi söhbət aparıb, onların problemlərini dinləyib və bu məsələlərin həllinin qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb. Görüş zamanı mövcud problemlər müzakirə olunub.

Eyni zamanda şəhid valideynləri qəhrəman övladları ilə bağlı xatirələrini bölüşüblər. Şəhid ataları onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.