Cəlilabadda ilk dəfə kitab sərgisi keçirilir

Cəlilabadda ilk dəfə kitab sərgisi keçirilir

CƏLİLABAD, Kanal15.az – 05-07 iyun tarixlərində Cəlilabad rayonunda ilk dəfə olaraq genişmiqyaslı kitab sərgisi təşkil olunub. Cəlilabad Rayon İcra Hakimiyyəti, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən I Cəlilabad Kitab Sərgisi Heydər Əliyev Seyrəngahında kitabsevərlərin ixtiyarına verilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində çıxış edən “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin sədri Şamil Sadiq sərginin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verərək belə tədbirlərin regionlarda kitab oxuma mədəniyyətinin inkişafına mühüm töhfə verdiyini bildirib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxışında qeyd edib ki, rayonda ilk dəfə keçirilən kitab sərgisi təkcə mədəni tədbir deyil, həm də maarifçiliyin, elmin və mənəvi inkişafın bayramıdır. O vurğulayıb ki, sərginin əsas məqsədi insanlarda mütaliə vərdişlərini gücləndirmək, gənc nəslin kitaba marağını artırmaq və cəmiyyətdə oxu mədəniyyətinin inkişafına dəstək verməkdir.

Sərgi çərçivəsində tanınmış yazıçı və şairlərin oxucularla görüşləri, imza saatları, kitab təqdimatları və konsert proqramları təşkil olunub. Tədbir iştirakçıları sevdikləri müəlliflərlə ünsiyyət qurmaq, yeni nəşrlərlə tanış olmaq və müxtəlif kitabları sərfəli qiymətlərlə əldə etmək imkanı qazanıblar.

İlk dəfə keçirilən kitab sərgisi cəlilabadlılar tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb. Oxucular belə layihələrin regionlarda mütaliə mədəniyyətinin inkişafına, gənclərin dünyagörüşünün genişlənməsinə və onların sosial fəallığının artmasına müsbət təsir göstərdiyini bildiriblər.

Qeyd edək ki, I Cəlilabad Kitab Sərgisi 07 iyun tarixinədək davam edəcək.

Mənbə: Kanal15.az xüsusi müxbiri.