Cəlilabad poçtunda rəhbər dəyişikliyi: “Nöqsanlara görə işdən çıxarılan şəxslər niyə yenidən rəhbər vəzifəyə gətirilir?”
Cəlilabad rayon poçt şöbəsində rəhbər vəzifəsində növbəti dəyişiklik baş verib.
Kanal15.az-a daxil olan məlumata görə, Cəlilabad rayon poçt şöbəsinə rəis əvəzi göndərilmiş Azər Səmədov tutduğu vəzifədən azad edilib. Bildirilir ki, buna səbəb onun fəaliyyəti dövründə yol verdiyi nöqsanlarla bağlı olub.
Məlumata əsasən, Səmədovun yerinə Ağdam Poçt Filialının rəisi Fuad İbrahimov Cəlilabad Poçt Şöbəsinə rəis əvəzi göndərilib.
Maraqlıdır ki, Fuad İbrahimovun adı ilə bağlı da ciddi suallar ortaya çıxır. İddialara görə, o, bundan əvvəl Ağcabədi Poçt Filialında rəis əvəzi vəzifəsində çalışdığı müddətdə fəaliyyəti ilə bağlı nöqsanlara görə həmin vəzifədən azad edilib və daha sonra Ağdam Poçt Filialının rəisi təyin olunub.
Hazırda isə eyni şəxsin Cəlilabad kimi böyük rayonlardan birində poçt filialına rəhbər vəzifəyə göndərilməsi ciddi suallar doğurur.
Sual sadədir: kim və nə üçün?
Əgər bir rəhbər vəzifəli şəxsin əvvəlki fəaliyyətində ciddi nöqsanlar olubsa və bu səbəbdən vəzifəsindən azad edilibsə, onun başqa bir rayona yenidən rəhbər vəzifəyə göndərilməsi hansı meyarlarla əsaslandırılır?
Fuad İbrahimovun Cəlilabad Poçt Şöbəsinə təyinatında hansı meyarlar əsas götürülüb?
Onun əvvəlki fəaliyyətində yol verdiyi iddia olunan nöqsanlar araşdırılıbmı?
Azər Səmədov hansı konkret nöqsanlara görə vəzifədən azad edilib?
Və ən əsası:
İşində nöqsanlar olduğu bildirilən şəxslərin yenidən rəhbər vəzifələrə təyin olunmasının arxasında kim dayanır?
Kanal15.az olaraq aidiyyəti qurumlardan bu suallara aydın və rəsmi cavab gözləyirik.
Mövzu ilə bağlı Azərpoçt rəhbərliyinin və adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.