Cəlilabadda Aprel döyüşlərinin 10 illiyi qeyd olundu – şəhidlərin xatirəsi ehtiramla anıldı
Kanal15.az xəbər verir ki, bu gün Cəlilabad Rayon Veteranlar Təşkilatı tərəfindən hərb tariximizə qızıl hərflərlə yazılmış Aprel döyüşlərinin 10 illiyi münasibətilə tədbir keçirilib.
Tədbir torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Rayon Veteranlar Təşkilatının sədri, şair-jurnalist Ədalət Salman çıxış edərək 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan Aprel döyüşlərinin tarixi əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu döyüşlər Azərbaycan Ordusunun gücünü, qələbə əzmini və ədalətin bərpa olunacağını bütün dünyaya nümayiş etdirdi, həmçinin şanlı zəfərimizə gedən yolun əsasını qoydu.
Aprel döyüşlərinin iştirakçıları Məftun İbrahimov və İsmət Əliyev keçdikləri şərəfli döyüş yolundan söz açaraq bildiriblər ki, erməni tərəfinin “keçilməz səngərlər” barədə yaydığı mif Azərbaycan əsgərinin rəşadəti ilə darmadağın edildi.
Tədbirdə çıxış edən şəhid Royal Nəsirovun atası İmran Nəsirov oğlunun və onun kimi igid Vətən övladlarının qəhrəmanlığı ilə qürur duyduğunu bildirib, dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib.
Daha sonra Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və ictimaiyyət üzvləri çıxış edərək vurğulayıblar ki, Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı ilə barışmayıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub və üçrəngli bayrağımız Qarabağda yenidən dalğalanmağa başlayıb.
Tədbirdən sonra iştirakçılar rayon rəhbərliyi ilə birlikdə Məlikqasımlı kəndinə yollanaraq Aprel döyüşlərində şəhid olmuş Royal Nəsirovun məzarını ziyarət edib, üzərinə tər güllər düzüb və ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Nəsirov Röyal İmran oğlu 16 mart 1997-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olub. 2015-ci ilin iyul ayında hərbi xidmətə çağırılan Röyal Nəsirov 2 aprel 2016-cı ildə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, aprelin 9-da doğulduğu kənddə torpağa tapşırılıb.
Röyal Nəsirov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.