Cəlilabadda abadlıq işləri genişlənir: Alar kəndində yeni istirahət parkı salınır
Cəlilabad rayonunda sosial infrastrukturun inkişafı istiqamətində həyata keçirilən layihələr davam etdirilir. Bu çərçivədə rayonun ən böyük yaşayış məntəqələrindən biri olan Alar kəndində yeni istirahət parkının salınmasına başlanılıb. Layihə Cəlilabad rayon İcra hakimiyyətinin başçısı Rafiq Cəlilov-un təşəbbüsü ilə həyata keçirilir.
Uzun illər kənddə “Alma bağı” kimi tanınan ərazi mövcud olsa da, müasir istirahət tələblərinə cavab verən park olmayıb. Yeni yaradılan park kəndin mərkəzində yerləşir və geniş ərazini əhatə edir. Ərazidə Mədəniyyət evinin və kənd kitabxanasının yerləşməsi sakinlərin asudə vaxtlarının daha səmərəli təşkilinə imkan yaradacaq.
Parkın cənub hissəsində İkinci Dünya müharibəsi zamanı həlak olmuş alarlıların xatirəsinə memorial kompleksin yaradılması da layihənin mühüm hissəsidir.
Hazırda park ərazisində geniş tikinti-abadlıq işləri aparılır. Parkın mərkəzində fəvvarə inşa olunur, həmçinin əhaliyə xidmət göstərəcək çayxananın fəaliyyəti nəzərdə tutulur.
Alar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Dəyanət Əsgərov bildirib ki, parkın digər hissəsində uşaq bağçasının yaradılması planlaşdırılır. Gələcəkdə isə kəndin Muradxanlı və Yüzev məhəllələrində də bu tip sosial obyektlərin açılması nəzərdə tutulur.
Qeyd edək ki, Alar kəndi əhali sayına görə Cəlilabad rayonunun üçüncü böyük yaşayış məntəqəsidir. Burada 10 mindən çox insan yaşayır və 3 tam orta məktəb fəaliyyət göstərir. Eyni zamanda kənddə yolların bərpası və digər abadlıq işləri də ardıcıl şəkildə həyata keçirilir.
Məlumat Kanal15.az-a kənd sakini, müəllim, fəlsəfə doktoru Bilal Alarlı tərəfindən verilib.
Görülən işlər rayon rəhbərliyinin kəndlərin inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirilir.