Cəlilabadda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı mötəşəm tədbir keçirilib
Bu gün Cəlilabad rayon Veteranlar Təşkilatı 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə ilə bağlı mötəşəm tədbir keçirib.
Tədbirdə şəhid ataları, Əmək və Müharibə veteranları, tanınmış ziyalılar iştirak ediblər.
Anım tədbirindən öncə soyqırım qurbanlarının, həmçinin dövlətimizin suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olunub.
Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman 1918-ci ilin mart ayından başlayaraq xalqımıza qarşı törədilmiş soyqırım fəlakətindən danışıb və qeyd edib ki, Bakıda, Naxçıvanda, Lənkəranda və ayrı-ayrı bölgələrdə rus-erməni cəlladları tərəfindən 50 mindən çox soydaşımız qətlə yetirilib. 31 Mart Soyqırımı xalqımızın qan yaddaşıdır və biz bunu heç zaman unutmamalıyıq.
ADPU Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə, Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin atası Arif Abdullayev, şəhid Məzahir Ağayevin atası Fazil Ağayev, istefada olan polis polkovniki Rəsul Bayramov, Heydər Ata mükafatı laureatı şair Gülbala Teymur, Milli Cəbhə partiyası rayon təşkilatının sədri Nadir Şükürov, Qarabağ qaziləri ictimai birliyi Cəlilabad filialının sədri Maşallah Əliyev, tanınmış şairlər İman Abdulla, Sakit Üçtəpəli, ictimai fəal Zaman Qarayev və başqaları çıxış edərək zaman-zaman xalqımızın başına gətirilmiş faciələrdən söz açıblar. Vurğulayıblar ki, xalqımıza qarşı edilmiş soyqırım hadisələrinə 1998- ci ildə ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verilib və hər il Martın 31-də Soyqırım qurbanları ölkəmizdə böyük ehtiramla yad olunur.
Sonda qeyd edilib ki, belə tədbirlərin müntəzəm keçirilməsi xalqımızın tarixinə hörmət və ehtiramın ifadəsi olmaqla yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində müstəsna rol oynayır.