ALINMA SÖZLƏR VƏ DİLİ “ZİBİLLƏYƏN” SÖZLƏR - Cəbrail Həşimov yazır...

ALINMA SÖZLƏR VƏ DİLİ “ZİBİLLƏYƏN” SÖZLƏR - Cəbrail Həşimov yazır...

    Deyirlər, dünyada “təmiz” dil yoxdur. Yəni bütün dillərdə başqa dillərdən keçmə sözlər olur. Bunun çoxlu səbəbləri var: xalqların kompakt yaşaması, bir dövlətin ərazisinin digər dövlət tərəfindən işğal edilməsi, yerli əhaliyə qəbul etdirilmiş yeni dindən gəlmə sözlər, elmi-texniki tərəqqinin inkişafı və s. Azərbaycan dilində də bu və ya digər səbəblərdən çoxlu alınma sözlər vardır. Bunlar, əsasən, ərəb, fars, latın və yunan dillərindən gəlmə sözlərdir. Əgər ərəb sözləri sırf İslam dininin təsiri ilə dilə daxil olmuşdursa, fars sözləri uzun illər ərzində qonşu yaşayışın, latın və yunan sözləri isə bir sıra elm sahələrinin inkişafı ilə bağlı dilə gəlmişdir.

   Məlumdur ki, dilimiz yüz yetmiş ildən artıq bir müddətdə rus dilinin təsiri altında olmuşdur. Düzdür, bu dil vasitəsilə Avropa dillərindən çoxlu neologizmlər dilimizə keçərək vətəndaşlıq hüququ qazana bildi. Xüsusilə, elmi-texniki tərəqqinin inkişafı sayəsində və son dövrlərdə informasiya-kommunikasiya texnologiyaları ilə əlaqədar olaraq, dilə çoxlu yeni sözlər daxil olmuşdur. Əlbəttə, bütün bunlar normal haldır, çünki dil canlı orqanizmdir, o da daim inkişafdadır. Bəzi sözlər istifadədən çıxır, bəzi sözlər tamamilə ölüb gedir, bəzi sözlər də dilə yeni daxil olur. Yeni daxil olan sözlər də iki yolla gəlir: bir qismi çoxdan unudulmüş milli sözlərin dirildilməsi, dilə gətirilməsi yolu ilə, digər qismi də texnologiyanın inkişafı ilə əlaqədar olaraq Avropa dillərindən gəlir.

     Ancaq bunlarla yanaşı, dilimizə rus dilindən çoxlu varvarizmlər də gəlmişdir. “Vsyo”, “vapşe”, “opşim”, “uje”, “davay”, “srazı” və digər sözlər həm hazır şəkildə, həm də təhrif olunmuş formada dili, necə deyərlər, zibilləmişdir. Artıq 35 ildir ki, müstəqil dövlətimiz bərpa olunmuşdur, bütün dövlət sənədləri doğma dilimizdə yazılır, həyatımızın hər sahəsində öz dilimiz işlənir, ancaq yenə də bu yad sözlər zəli kimi dilimizə yapışaraq əl çəkmək istəmir. Əlbəttə, yaşlı nəsil Sovet dövründə, necə deyərlər, bu sözlərlə böyüyüb, ona görə də onların belə sözlərdən istifadə etməsi müəyyən dərəcədə təbii görünə bilər. Amma gənc nəslin bu varvarizmlərdən istifadə etməsi çox acınacaqlı vəziyyət yaradır. Üstəlik, Türkiyə türkcəsindən də lazımsız sözlər gəlmiş və doğma dilimizi məhv olmaq təhlükəsi altına almışdır. Bilirəm, çoxları türkcədən gəlmə sözlərə olan münasibətimə görə məni qınayır, ancaq mən ümumilikdə götürdükdə bu prosesin əleyhinə deyiləm. Məsələn, son dövrlərdə “öndər”, “önəmli” kimi sözlər dilimizdə fəal şəkildə işlənir və mən bunları təqdir edirəm. Və yaxud, hələlik Orfoqrafiya lüğətinə daxil edilməyən “sakın (saqın)” sözünün dilə gəlməsinin də tərəfdarıyam. Çünki bu sözün dilimizdə birbaşa qarşılığı yoxdur, biz kontekstdən asılı olaraq müxtəlif sözlər, məsələn, “əsla”, “heç vaxt”, “bax ha”, “aman” və s. sözlər işlədirik. Ona görə də mən bu sözün orfoqrafiya lüğətinə daxil edilməsini istərdim. Gördüyünüz kimi, mən heç də türk dilindən gələn sözlərin düşməni deyiləm. Ancaq öz dilimizdə qarşılığı olan sözlərin zorla dilə gətirilməsinin əleyhinəyəm. Biz niyə “qardaş”ı “abi”yə dəyişməliyik? Niyə ərəb sözü olan “filan”ı “falan” kimi deməliyik? Bizdə ərəb mənşəli “mübarizə” sözü var. İndi onu bu sözün sinonimi olan “mücadilə” ilə əvəz edirlər. Görəsən, niyə? Axı bu söz də ərəb dilindən gəlmədir. Əgər bunları sırf türk dilində olan bir sözlə əvəz etmək mümükündürsə, buyurun, gətirin o sözü, biz də həvəslə qəbul edək. Yaxud, “laf etmək”, “məlumat içərən” kimi ifadələrin dilə gətirilməsinə nə ehtiyac var? Bəzən deyirlər ki, dilimiz Türkiyə türkcəsinə inteqrasiya olunmalıdır. Xeyr! Bu çox təhlükəli bir fikirdir. Çünki xalqların və dövlətlərin siyasi, iqtisadi və mədəni inteqrasiyası ancaq inkişafa səbəb olursa, dillərin inteqrasiyası mütləq bir dilin məhv olub aradan getməsinə səbəb olur və bu zaman hansı dildə daha az insan danışırsa, o dil yox olur. Tarixdə bunun bir çox nümunələri vardır. Xüsusilə, son illər bizdə Türkiyə türkcəsindən gəlmə sözlərin kor-koranə işlədilməsi heç cür anlaşılan deyildir. Ona görə də dillərin inteqrasiyası təhlükəli addım hesab olunur.

   Digər bir məsələ barədə: Azərbaycan dili iltisaqi dillər qrupuna aiddir. Mən burada onun xüsusiyyətlərini sadalamaq istəmirəm, çünki bu barədə bir neçə dəfə yazmışam. Təkcə onu deyim ki, bu xüsusiyyətlərdən biri də isim və feillərə qrammatik şəkilçilərin artırılma ardıcıllığıdır. Bir nümunəyə baxaq: artıq “gəlirmişlər” sözü olub “gəlirlərmiş”. Görəsən, bu hansı qaydaya əsasən belədir? Yaxud arzu ədatları işlənən cümlələrin xəbəri feilin arzu şəklində olmalıdır. Məsələn: “Kaş mən də gedəydim (gedə idim)” əvəzinə indi “gedərdim”, ya da “getsəydim” işlədirlər. Azərbaycan dilində belə bir qayda yoxdur. Daha sonra, dilimizdə şəxs şəkilçiləri var. Türkiyəlilər çox vaxt şəxs şəkilçilərini işlətmirlər. Məsələn, “mənim oğlum” əvəzinə “mənim oğlan” deyirlər. Üçüncü şəxs şəkilçisini isə, demək olar ki, çox az işlədirlər. İndi bizdə də başlayıblar bu cür yazmağa və danışmağa. Məsələn: “O da mənim dostum”, “Həyat sürprizlərlə dolu”. Yəni gördüyünüz kimi, -dur şəkilçisi işlənmədi. Qəribə hal budur ki, artıq ziyalılar: alimlər, yazıçı və şairlər də belə yazır və danışırlar. Hətta Azərbaycan dili müəllimləri də bir-birinə “hocam” deyə müraciət edirlər. Guya “müəllim” ərəb sözüdür, “ hoca” isə türk sözü imiş. Əslində isə, bu söz fars dilindən gəlmədir.

   Türkiyə xalqı necə yazır, necə danışır, bu onların öz işidir, yəni öz dillərinin fonetik, qrammatik və sintaktik qaydalarına uyğun yazır və danışırlar. Bəs biz niyə bu cür danışmalıyıq? Axı bu çox gülünc alınır.

   Narahatedici bir məqamı da qeyd edim: nədənsə, çox adam ingilis dilində olan xüsusi adları elə ingilis dilində də yazır. Məsələn, Tramp əvəzinə Trump, Bayden əvəzinə Biden və s. Hətta mən bir neçə dəfə Şekspiri Shakespeare kimi yazana da rast gəlmişəm. Bu məntiqlə gərək biz Çin adlarını Çin heroqlifləri ilə, yapon adlarını yapon heroqlifləri ilə, ərəb və fars adlarını da ərəb əlifbası ilə yazaq. Yuxarıda yazdığım kimi, dilimizdə belə bir qayda yoxdur.

    Mənə belə gəlir, belə halların çoxu ədabazlıqdan, dilə olan etinasızlıqdan irəli gəlir. Amma təəssüfedici hal budur ki, sonda dilimiz məhv olmaq təhlükəsi qarşısında qalır.

   Sonda onu qeyd edim ki, baba-nənələrimizdən bizə əmanət qalan gözəl dilimizi qoruyub bizdən sonrakı nəsillərə çatdırmaq hər birimizin müqəddəs borcudur.