Elnur Nəhmət- Sofiya(Hekayə)

0
961

Kanal15.az portalı Elnur Nəhmətim yeni hekayəsini təqdim edir.

Qoxusu hələ də burnumdadır. Bu yaxınlarda koronavirusa yoluxanda sevindim ki, iybilmə qabiliyyətim itəcək, amma olmadı. Mən yenə də o qoxunu hiss edirəm.

 

23 yaşıma təzəcə qədəm qoymuşdum. Universiteti bitirmiş, Müdafiə Sənayesi Nazirliyində işə düzəlmişdim. Avqust ayında darıxma hissi güc gəldiyindən nazirliyin silah istehsalı zavodundan icazə alıb çoxdan həsrətində olduğum Rumıniyaya yola düşdüm. Məqsədim bu ölkəni gəzmək, əsasən də, Karpat dağlarını yaxından görmək idi. Tələbə dostlarım, tanışlarım təkid edirdilər ki, Karpatda alpinist kimi gün keçirməyin ayrı ləzzəti var. Bir-iki gün Karpatda olmağı planlaşdırmışdıq.

 

Bakı-İstanbul-Buxarest aviareysi üçün bileti asanlıqla tapdım. Bakıdan nə vaxt çıxdım, necə çıxdım, bilmədim. Onda ayıldım ki, İstanbuldayam.

İstanbulda təyyarəyə gözəl bir qız daxil oldu. Yanımdakı yer boş qaldığından düşündüm ki, ya bəxt, ya allah, belə gözəllə bir yerdə səyahət etməyin nəyi pisdir ki! Kaş gəlib yanımda əyləşəydi!

Tam səmimi deyim, bakılılar Ətağanı köməyə çağırdığı kimi mən də “ya Mirsultan ağanın cəddi”,- deyib gözləməyə başladım.

Allah məni eşitdi.

 

Düz yarım saat nə o dindi, nə mən.

Qız o qədər gözəl idi ki, tanış olmağa çəkinirdim. Sarışın saçları vardı. Üzünü görə bilmirdim. Nərmənazik barmaqlarıyla telefonunu qurdalayırdı. Hardasa, 22-24 yaşı olardı. Çantasından pomadasını, güzgüsünü çıxardıb özünə xeyli bəzək- düzək verəndən sonra mənə baxdı:

– What is you name?

– My name Faaariz. And you?

– Sofiya

Bir az kəkələmə, bir az utanma, bir az da özünü itirmə halı mən yazıqda həmişə olub.

Sofiya gülümsədi. Sonrakı dialoqumuzda məlum oldu ki, o da Buxarestə gedir. Özü də milliyyətcə moldovandır. Qeyd edim ki, Rumıniyanın Moldova ilə sərhədində moldovanlar yaşayır. Mən özüm haqda məlumat verəndə qeyd etdim ki, əslində Buxarestə yox, Cluj-Napoka adlı şəhərə gedəcəm. Amma dostlarla görüşümüzə 12-13 saat qalır. Tez getməyin də faydası yoxdur, oranı yaxşı tanımıram. Sofiya da dedi ki, heç darıxma, hava limanında məni qarşılayacaqlar. Qarşılayan şəxsin kim olduğunu deyəndə yaxşı eşidə bilmədim. Qız dedi, yoxsa qızım, nə illah etdimsə, anlaya bilmədim. Gülə-gülə əlavə etdi ki, səni onunla da tanış edəcəm.

Ürəyimdə düşünürəm ki, a Sofiya, başqasını neynirəm axı. Səndən yaraşıqlısı, söhbətcili olmayacaq ki…

Sofiya hətta söz verdi ki, məni Buxarestlə də tanış edəcək. O boş 12 saatı birlikdə xoş dəqiqələr keçirəcəyik. Səni filan yerlərə aparacam.

Ürəyim dup-dup edir, deyirəm, ilahi, şükür sənin kərəminə, mən binəva, deyəsən, bir gün görəcəm nəhayətdə.

 

Tezliklə təyyarə Buxarestə endi.

Aeroportda çox gözləmədik. Bir də gördüm ki, eynilə Sofiya kimi gənc bir qız qucağında körpə uşaqla bizə yaxınlaşdı. Sofiya üzünü mənə tutdu:

– Please meet. She is my daughter.

Dünya-aləm gözümdə qaraldı. Sən demə, Sofiya nənə imiş. Bizi qarşılamağa gələn onun qızı, qızın qucağındakı körpə də nəvəsi.

– Her name is Daria, – deyə danışığına davam etdi.

Qarnımdan elə bir sancı tutdu ki, indi də yadıma düşəndə gözlərim dolur.

Daria bizi maşına mindirdi.

Sofiya nənə nəvəsini qucağına alıb arxada mənimlə əyləşdi. Buxarestin küçələrində xeyli gəzdik.

Qarnımdakı sancılar davam edirdi.

Birdən maşını iy bürüdü.

Sofiya körpəyə baxıb rumınca əzizləməyə başladı. Demə, körpə pampersini batırıbmış.

Bir az rahatladım. Amma içəridəki iy get-gedə daha da tündləşirdi. Burnumun sümüyü sanki qırılırdı.

İki saata yaxın Buxarestin küçələrini dolaşdıq.

Dunay çayının bir qolu da Dambovitadır. Bu çay Buxarestin içindən keçir. Dariya Dambovita çayının sahilində maşını saxladı. Sevindim ki, yəqin, uşağın pampersini dəyişəcəklər. Özümü çölə atıb ləhləməyə başladım.

Sofiya heç nə olmayıbmış kimi uşağı mənə verib qızıyla kənara çəkildi.Xeyli söhbət etdilər.

Kimin gümanı gələr ki, Avropa ölkəsinə turist kimi gedib belə zülmü çəkə!? Qurduğum xəyallar çilik-çilik olmuşdu. Buxaresti tərk etmək, Cluj-Napokaya çatmaq üçün nələrdən keçməzdim…

Sofiya Karpat səfərimdə məni tək qoymayacağını dedi. Belə gözəl təklifi eşidəndə sevinərlər. Amma mən … Gözüm uşaqda qalmışdı. Görəsən, nəvəsini özüylə götürməyəcək ki?

Bir azdan Dariya körpəsini maşına qoyub getdi.

Maşın gözdən itənədək arxasıyca baxdım. Qoxunun körpəylə itəcəyini düşünürdüm, amma yanıldım.

 

Heç nəyə həvəsim qalmamışdı. Qayıtma biletim olsaydı, sözsüz, geri dönərdim.

Sofiya məni evlərinə dəvət etdi. Şəhərin kənarında qırmızı kərpicdən tikilmiş həyət evində yaşayırmış.

Soyuducudan yemək çıxardı. Özü də necə yemək, bizim bu kələm dolmasından. Gözümü ovuşdurdum, elə bildim, yuxuluyam, kənddəki evimizdəyəm. Sən demə, onlar da kələm dolması bişirirmiş, amma içinə donuz əti qoyurmuşlar. Dadı, sən deyən, pis deyildi.

 

Cluj-Napokaya avtobus axtara-axtara qalmışdım. Tam təsadüfdən çox ucuz qiymətə təyyarə bileti tapdım. Cəmi 40 dollar ödəməklə iki bilet aldım.

Sofiya ilə yenə də yanaşı əyləşmişdik. Biletin ucuz olma səbəbi havada aydınlaşdı. Maşınla yol gedəndə necə atılıb-düşürüksə təyyarədə də elə oldu. Sofiyaya qarşı içimdə heç bir hiss qalmamışdı deyə ona baxa bilmirdim. Bir nənəylə yola çıxıb macəra yaşamaq… kimə danışsan, gülər.

Enişə az qalmış Sofiya qolunu boynuma saldı.

Vay-vay-vay! Yenə də həmin qoxu. Ay qız, əllərini yuyardın barı! Təyyarənin pəncərəsini açmaq keçdi ürəyimdən. Qışqırdım ki, havanı dəyişin.Nəsə etdilər, küləyi hiss etdim, hava dəyişmədi.

 

Karpatın 2000 metr yüksəkliyinə qalxdım, yağış, dolu yağdı, altında yuyundum, mağara-koğuş qalmadı ki başım salmayım, amma qoxu burnumdan getmədi.

İndi işlədiyim zavodda müxtəlif silahlar istehsal edirik. Düşmənə öldürücü zərbə üçün barıt, qəlpə mütləq deyil.

Bütün günü “Qoxu yaya biləcək silahı necə yaradım”,- deyə düşünürəm.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here