Gözəl günlər, şanlı günlər hələ qarşımızdadır!

Koronavirus bəlasını hərə bir istiqamətdən, öz təbirincə, başa düşəcəyi tərzdə yozur. Kimi deyir ki, bu, Allahın Yer kürəsinə göndərdiyi bir bəladır. Orasını da deyir ki, təbiətə, insanlığa o qədər zülmlər elədik, axırda böyük Allah cəzamızı belə verdi. Kimisi də yozur ki, bu, bioloji silahdır, böyük dövlətlərin işidir, filan yerdə hazırlanıb, filan vaxt da laboratoriyadan sızıb, indi dünyanı alıb cənginə.

Tanınmış rus yazıçısı Sergey Breslegin qeyd edir ki, bu məsələ böyük güclər tərəfindən ortaya atılmış sosial oyundur. Dünya bazarları işləmir, iqtisadi əlaqələr və gəlirlər tam iflasa uğrayır. Virusdan sonrakı dünya yenidən “format olunacaq”, müflisləşmiş şirkət və banklar fövqəlgüclər tərəfindən bölüşdürüləcək.

Kim necə yozursa-yozsun, mənim anladığım bir şey var. Sevdiyimiz dünya, müvəqqəti də olsa, əlimizdən alınıb. Təyyarələr uçmur, sərhədlər bağlanıb, əlaqələr yox dərəcəsindədir.

Bu gün internetdə, saytların dərc etdiyi Bakımızın şəkillərinə baxıram. Boş küçələr adamın ürəyini dağlayır. Sən demə, şəhərin yaraşığı elə insanlarmış. Küçələr insan ayaqları üçün elə bil qəribsəyib. Vaxtilə yazdığım bir şeirin ilk misralarını düşünürəm:

Nə yaxşı oyağam bu gecə vaxtı,

Küçə ürəyini döyündürməyə.

Küçələr addım səsləri ilə yaşayırmış, sən demə.

İşə bax, şəhərə bahar gəlib, biz də şəhərdə yox. Axşam gördüyüm bir yuxu da məni həyəcanlandırır. Sevdiyim küçələr gileylənirdi: “Bizi niyə çöldə qoydunuz? Niyə evinizə aparmadınız bizi?”

Hələ metro gileyi, qəzet köşkləri, uşaq bağçaları, məktəblər, universitetlər – hamısı çöldə tək-tənha qalıb. Biz qaçıb girmişik evlərimizə. Şəhərimizi çöldə yalqız qoymuşuq.

Bu gün internetdə ancaq Bulvarı, Xəzəri seyr eləmişəm. Hətta tanıdığım ağacları lap yaxına çəkərək, budağındakı quşuna qədər baxmışam. Sahil bağındakı qumrular, görəsən, necə oldular? Onların da darıxmağı bir yandan dərd oldu mənə. Bəlkə, onlar insansız küçələrdə tab gətirə bilmirlər?

Monitorda M.F.Axundov adına Milli Kitabxananın pilləkənlərini lap önə çəkirəm. Hə, sayıram: bir, iki, üç. Üçüncü pilləkəndə bu yaxınlarda yıxılmışdım, dizim sıyrılmışdı. Bax, indi o yıxılmağa, o ağrıya necə də həsrətəm. Kaş o pilləkənlərdə yenə yıxıla biləydim.

Bu da Yazıçılar Birliyinin binası. Qarşısındakı ağac. Tanış budaq. Hər dəfə işdən çıxanda yorğunluğumu ovutmaq üçün bu ağacın budağından xeyli tutub dayanardım. İndi haradadır o ağac, görəsən, məni axtarırmı? Bu yerdə yadıma şair Əli Kərimin “Nə xoşbəxt imişəm bir zaman, Allah, xəbərim olmayıb bu səadətdən” misraları düşür. Doğrudan da, biz vaxtilə çox xoşbəxt olmuşuq. Amma qədrini bilməmişik.

Çeşidli bədii düyğular məni kövrəldə bilər. Bütün bunlar öz yerində. Amma indi ən vacib məsələ karantin rejiminin qoyduğu bütün qaydalara əməl etməkdir. Əsas bir deyim – “evdə qal, həyatını xilas et” günümüzün baş cümləsi olmalıdır.

Biz qoyulan qaydalara əməl etməliyik ki, sevdiyimiz şəhərimizə yenidən qayıda bilək, yenidən o pilləkəndə yıxılmaq xoşbəxtliyinə, sevdiyimiz ağacların budaqlarına əlimizi toxundurmaq səadətinə nail ola bilək.

Bu gün məni sevindirən və ümidləndirən güclü bir hiss var ürəyimdə. Dövlətimizin insanlara qayğısı, insanların da özünü ciddi şəkildə qorumaq (evdə qalmaq, gigiyenik qaydalara əməl etmək) istəyi mənə ümid verir ki, tez bir zamanda koronavirusun sonu gələcək və biz tezliklə doğma şəhərimizlə görüşəcəyik. Amma necə, o günü necə keçirəcəyik, bilmirəm…

Lap indidən o sevinc duyğusu ürəyimi sürətlə döyündürür. İlk dəfə şəhərə çıxacağım gün, bəlkə, axşam evə gəlmədim heç. Şəhərimlə, küçələrimlə, ağaclarımla tək qalacağam həmin gün. İşə bax, həmin gün insanlar “ura” deyib evdən çölə çıxacaqlar. İnsanlar bir-biri ilə necə görüşüb hal-əhval tutacaqlar, ilahi?! Bu görüşə Günəş də sevinəcək, qumrular da.

Bilirsiniz, nə qədər şirindir ölkəmizdən ilk dəfə Türkiyəyə uçan təyyərə. Nə qədər xoşbəxtdir o təyyarənin ilk sərnişinləri. Nəinki Türkiyə, bütün ölkələrə uçacaq təyyərələrimiz, sülh və azadlıq quşlarına bənzəyəcək.

Qatarlar sevinc müjdəçisi kimi çıxacaqlar şəhərimizin qoynundan. Metrolar işə düşəcək. Söz verirəm, mən həmin gün axşama kimi metrodan çıxmayacağam.

Bundan sonra, mənə elə gəlir ki, bir-birimizə pislik etməyəcəyik. Küsülülər barışacaq. Adamlar bir-birini qucaqlayıb öpəcək. Bütün dünya dövlətləri daha səmimi, daha mehriban olacaqlar. Onlar daha qitələrarası uzaqmənzilli raketlər istehsal etməyəcəklər.

İnsanların, bəşəriyyətın xilası üçün dərman düzəldəcəklər. Dünyada uşaqlar ac qalmayacaqlar. Hamının qarnı doyacaq. Hamı şirin-şirin yatacaq. Can deyib, can eşidəcək hamı. Koronavirus bizi birləşdirəcək. Gözəl günlərimiz hələ qarşıdadır. Böyük şair Mikayıl Müşfiq demişkən: “Gözəl günlər, şanlı günlər, şən günlər, yoluna düşən günlər hələ qarşımızdadır!”

Paylaş
error0
Tweet 20
fb-share-icon20

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir