Sabah Bakıda "TransCaspian 2019" sərgisi işə başlayır

Sabah Bakıda "TransCaspian 2019" sərgisi işə başlayır

İyunun 11-13-də Bakı Ekspo Mərkəzində 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika “TransCaspian 2019” sərgisi keçiriləcək.

Sərginin təşkilatçısı olan “Caspian Event Organisers” şirkətinin verdiyi məlumata görə, sərgi Xəzəryanı regionun aparıcı nəqliyyat tədbirlərindən biri olmaqla yanaşı, dəmiryol, nəqliyyat-loqistika xidmətləri və kommersiya nəqliyyatı sahəsində əsas dövlət strukturları ilə kommersiya təşkilatlarını bir araya gətirir.

Bu il “TransCaspian” sərgisi “Road & Traffic” sərgisi ilə birlikdə 10 ölkədən 75 şirkəti təmsil edən iştirakçıları bir araya gətirib. “TransCaspian” sərgisində Azərbaycan, Belarus, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələri təmsil edən şirkətlər öz məhsul və xidmətlərini təqdim edirlər. Hər il sərgidə “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” və s. kimi aparıcı dövlət strukturları, həmçinin kommersiya şirkətləri iştirak edir. Bu il sərgidə Belarus Respublikası Nəqliyyat və Kommunikasiya Nazirliyi ilk dəfə çıxış edir.

İştirakçılar sərgidə nəqliyyat sahəsində öz məhsul və xidmətlərinin geniş çeşidini, o cümlədən dəmiryol nəqliyyatının əyləc sistemləri üçün yeni məhsullar, istənilən növ yük və sərnişin vaqonları, lokomotivlər, motor-vaqon hərəkət heyəti, sürət qatarları və metropoliten qatarları üçün avadanlıqlar, gəmiçilik, sərnişindaşıma sahəsində xidmətlər və istənilən növ yüklərin daşınması, eskalator və eskalator qovşaqlarının layihələndirilməsi və təmiri və s. təqdim edəcəklər. Yükdaşıma və logistika xidmətləri sektorlarını “Ikra Logistika”, “AS Prof Logistics”, “Absheron Logistics Center” və digər şirkətlər təqdim edirlər. “Belomo” şirkəti isə builki sərgidə debüt edəcək.

“TransCaspian 2019” çərçivəsində 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi də (“Road & Traffic 2019”) təşkil olunacaq. Sərgi nəqliyyat infrastrukturu sahəsində Azərbaycanda yeganə ixtisaslaşmış tədbirdir və təkcə yol sahəsinin deyil, həm də yol-inşaat sahəsinin peşəkarları arasında yüksək qiymətləndirilir.

Bu il sərgidə Azərbaycan, Almaniya, Rusiya, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yol, körpü və tunellərin layihələndirilməsi və tikintisi üçün məhsul və xidmətlər çeşidi, yol-tunel inşaatı üzrə xidmətlər, yol təhlükəsizliyi vasitələri, yol-inşaat və kommunal texnikası, yolların nişanlanması üçün avadanlıqlar, yol işıqlandırma sistemləri, yol nişanlarını və metal yol sədləri, həmçinin elektron yol monitorları, yol infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı və bir sıra digər məhsul və xidmətləri təqdim edirlər. Sərgidə avtobuslar ekspozisiyası təqdim olunur. Sərginin debütantı “Haliq Faiqoğlu” ilə yanaşı, “Anadolu Isuzu Otomotiv Sanayi Ve Ticaret A.S” və avtobus istehsalçısı olan Çin şirkəti “HIGER” də öz avtobuslarını nümayiş edəcəklər.

Qeyd edək ki, sərgilər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir.

APA-Economics”

loading...