Hüsniyyə Əmrahova yazır - Ən şərəfli İnsan : Azərbaycan müəllimi

Hüsniyyə Əmrahova yazır  - Ən şərəfli İnsan : Azərbaycan müəllimi

Bu günkü dövrün reallığına, dünyada baş verən hadisələrə, iqtisadi çətinliklərə nəzər saldıqda heç nəyin asan əldə olmadığını açıq-aydın görürük. Bütün peşələrn özünəməxsus çətinliyini də danmaq olmaz. Lakin mən bu gün ən şərəfli peşə hesab edərək seçdiyim, atamın, babalarımın yolunu davam etdirdiyim üçün nə qədər xoşbəxtəm desəm azdır. 

 

"Mən dünyada müəllimdən yüksək ad tanımıram"

 

Ulu öndərimiz dahi Heydər Əliyev müəllim sənətinə daima yüksək qiymət verərək “Mən dünyada müəllimdən yüksək ad tanımıram” demişdir. Onun bu kəlamı müəllimlərə daha da yaxşı çalışmaq üçün stimul verdi. Bu gün mən Azərbaycan müəlliməsiyəm, vətənimlə, torpağımla, daima başımızın üstündə dalğalanan üç rəngli bayrağımızla fəxr edirəm. Son zamanlarda müəllim sənətinə qiymət verən daha da çoxalıb. Bunu gənc nəslin seçdiyi peşədəndə aydın görmək olur. Zəmanənin gətirdiyi bütün sürprizlərlə tarixin hər dövründə ilk müəllim tanış edib. 

 

"Müəllim şagirdlərinin dərdini özünə dərd etdiyi üçün gecələri yata bilməyən şəxsdir"

 

Müəllim – nə deməkdir? Öyrədənmi? Bunu bilməyən yoxdur. Lakin daha dəqiq desək müəllim öz sinifində anadır, atadır. Minlərlə müxtəlif ailədən tərbiyə alıb gələn müxtəlif şagirdlər var, bu qədər insan ordusuna öyrətməklə yanaşı onları dərindən anlamaqdır müəllim. Müəllim o şəxsdir ki, sinifində şagirdlərin dərdini özünə dərd edib, gecəni yata bilmir. Sabahlarını daha aydın etmək üçün daha nələr edə bilərəm deyib öz sabahını unudandır müəllim. 

 

"Müəllim bir dağdır, şagirdləri onun ən uca zirvəsinə qalxır"

 

Müəllim dostdur, vicdandır, müəllim sabahdır, şagirdləri o sabahda şəfəq saçan günəşdir. Müəllim dağdır onun ən uca nöqtəsinə qalxa bilən şagirlərdir zirvəsi. Müəllim anadır, vətəndir, təkcə təhsil verən deyil, öyrədən deyil həm də insan yetişdirəndir, şəxsiyyət formalaşdırandır, sabaha hazırlayan ürəkdir müəllim.

 

"Bu gün ölkəmizdə yüksək təhsil almaq üçün hər bir şərait var"

 

Bu gün dövlətimiz müəllim sənətinə yüksək qayğı göstərir, bu gün ölkəmizdə yüksək təhsil almaq üçün hər bir şərait var. Bu reallığı danmaq olmaz. Mən bir müəllimə kimi arzu edirəm ki, Müstəqil Azərbaycan Respublikasının bu günkü övladları daha savadlı, daha araşdırmacı, daha vicdanlı və daha da dünyagörüşlü olsun. Səsimiz dünyanın hər yerindən səslənsin. Uğrunda canımızı fəda edəcək olacağımız bayrağımızı daima zirvələrdə dalğalandırsın gəncliyimiz. 

 

Bu gün 5 oktyabr müəllimlər günü münasibətilə bütün müəllimlərimizi təbrik edir, onlara uzun ömür can sağlığı arzulayıram. Arzu edirəm ki, gələcək üçün yetişdirdiyimiz gənc nəsil daima zirvələrdə günəş olub işıq saçsın.

 

Əmrahova Hüsniyyə

Salyan rayonu Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllimi

loading...