Bakıda EYOF-un açılışına bilet qalmadı - SON YENİLİKLƏR

Bakıda EYOF-un açılışına bilet qalmadı - SON YENİLİKLƏR

İyulun 21-i saat 20:00-da Bakı Kristal Zalında Avropa Gənclər Olimpiya Festivalının (EYOF) açılış mərasimi üçün satışa çıxarılan biletlərin hamısı artıq alınıb.

Bunu açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

S.Məmmədova bildirib ki, açılış mərasimi üçün biletlər qalmayıb:

“Yalnız iyulun 27-də keçiriləcək bağlanış mərasimi üçün biletlər hələ də satışdadır. İnsanlar tələssin, çünki hamı bu mərasimlərdə iştirak etmək istəyir. Yarışların özləri isə insanlar üçün pulsuz olacaq. Ürəyi idmanla döyünənlər gəlib arenalarda yarışları izləyə bilərlər. Onu da deyim ki, nazir Azad Rəhimov artıq bütün idman obyektlərində olub. Bütün idman obyektləri iyulun 21-də başlayacaq yarışa tam hazırdır”.

Bu yarışların şef-de-missionu təyin olunmuş Milli Olimpiya Komitəsinin idman şöbəsinin müdiri Həsənağa Rzayev isə Atletlər kəndinin artıq qonaqları qəbul etməyə başladığını bildirib:

“Artıq İspaniyanın gənc komandası Atletlər kəndində məskunlaşıb. Bizim millilərimizdən isə kişi voleybol komandamız artıq Atletlər kəndindədir. Sabah günün ikinci yarısından etibarən digər komandalarımız da Atletlər kəndinə gələcək. Burada idmançılar üçün əyləncə zonaları quraşdırılacaq. Həmçinin hər gün əyləncə proqramı çərçivəsində azərbaycanlı müğənnilərin çıxışı nəzərdə tutulub”.

Qeyd edək ki, 15-ci Avropa Gənclər Olimpiya Festivalı Bakıda 21-27 iyul tarixlərində keçiriləcək.

"Oxu.az"

 

 

 

 

loading...